Beynəlxalq Xizək İdmanı Federasiyası (FİS) 4 ildən bir yeni turnir təşkil edəcək. Sport24.az xəbər verir ki, 2028-ci ildən başlayacaq 16 günlük yarışda xizəkçilər 100 medal dəsti uğrunda mübarizə aparacaq.

FİS Oyunları adını daşıyacaq turnir Olimpiadalar və dünya çempionatları keçirilməyən cüt illərdə təşkil olunacaq. Turnirin praqramında klassik xizək yarışı ilə yanaşı, tramplindən tullanma, ikinövçülük, dağ xizəyi, fristayl və snoubord növləri də yer alacaq. Bununla yanaşı, olimpiya proqramına daxil olmayan spid-skiinq, frirayd və telemark növlərində də yarışlar təşkil olunacaq.

FİS noyabrın 1-dən bu oyunları təşkil etmək istəyən ölkələrin ərizələrini qəbul edəcək və gələn ilin martında təşkilatçı ölkənin adını açıqlayacaq.