Yeni yaranan "Bakı" həndbol klubunun gənc oyunçuları çox çalışmalı və təcrübə toplamalıdırlar. Sport24.az xəbər verirk ki, bunu Report-a açıqlamasında komandanın baş məşqçisi təyinat olunan Çingiz Əzimov deyib.

 

Mütəxəssis bu kluba dəvət aldığı üçün çox sevindiyini söyləyib:

 

"Çünki yeni kollektiv əsasən gənc həndbolçulardan formalaşıb. Bildiyiniz kimi, məşqçilik karyeramda bir sıra klublarda, həmçinin gənclərlə işləmişəm. "Bakı"nın heyətində bölgələrimizi təmsil edən 4 həndbolçu var. Onlardan ikisi Şirvan, digərləri isə Göygöl və Mingəçevir şəhərindəndir. Bu, çox önəmli haldır. Belə ki, heyətdə regionlardan həndbolçuların olması həmin şəhər və rayonlarımızda həndbola marağın artmasına, eləcə də bu idman növünün kütləviliyi üçün zəmin yarada bilər".

 

O, gənclərlə işləməyi çox sevdiyini bildirib:

 

"İnanıram ki, "Bakı"nın gənc oyunçuları yaxın gələcəkdə təcrübəli həndbolçu kimi əsas komandalarda çıxış edəcəklər. Gənclərlə işləməyi çox sevirəm. Deyə bilərəm ki, vaxtilə rəhbərliyim altında çıxış etmiş bir sıra həndbolçular bu gün məşqçi kimi uğurlu fəaliyyətlərini davam etdirirlər. "Bakı"nın gənc həndbolçuları da çox çalışmalı və təcrübə toplamalıdırlar. Onlara böyük ümidlərim var".