Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin direktoru Ceyhun Rəhmanov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və IJF Akademiyasının rəhbərliyi iştirak ediblər.

 

Rəşad Rəsullu proqramın Azərbaycanda təşkilinə göstərilən dəstəyə görə IJF prezidenti Marius Vizerə, Akademiyanın rəhbərliyinə, yerli tərəfdaşlara və ekspertlərə təşəkkürünü bildirib. O, məşqçi hazırlığı və təhsil proqramlarının ACF-nin inkişaf strategiyasının əsas istiqamətlərindən olduğunu vurğulayıb.

 

Elnur Məmmədov və Ceyhun Rəhmanov çıxışlarında beynəlxalq təhsil proqramlarının peşəkar məşqçilərin hazırlanmasındakı roluna toxunublar. Bildirilib ki, bu cür layihələr yerli mütəxəssislərin bilik və təcrübəsinin artırılmasına, həmçinin cüdoda müasir yanaşmaların tətbiqinə töhfə verir.

 

Tədbirin sonunda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, proqram Azərbaycanda altıncı dəfə təşkil edilib. Təlimlərə Azərbaycan, Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyadan ümumilikdə 62 nəfər qatılıb.