Boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev Türkiyə mətbuatına açıqlama verib. Sport24.az xəbər verir ki, “Anadolu” agentliyinə danışan Abdullayev, hazırda davam edən Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstəyinə toxunub:  

“Türkiyəli qardaşlarımız bizə çox böyük dəstək verdilər, yardım etdilər. Türkiyəli idmançıları da ürəkdən sevirik. Onların hamısı bizim qardaşlarımızdır. Türkiyənin bizə dəstəyi əvvəldən böyük olub, indi də davam edir. Türkiyə xalqına minnətdarıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır. Boksçularımız arasında daha əvvəl döyüşlərdə şəhid olanlar da var. Milli komandanın boksçuları və məşqçiləri olaraq cəbhəyə getməyə hazırıq.

Torkio olimpiadasında Azərbaycan millisinin medallar qazanacağına inanırıq”.

Milli üzvü Ruslan Rüstəmov da fikirlərini bölüşüb: “Azərbaycanda müharibə davam edir. Biz burda olsaq da, ürəyimiz qardaşlarımızla birlikdədir. Əsgərlərimiz döyüş meydanında döyüşür, biz isə rinqdə, dünya arenalarında Azərbaycan bayrağını yüksəyə qaldırırıq. İlk hədəfim olimpiadaya vəsiqə qazanmaq və Azərbaycan bayrağını bütün dünyada dalğalandırmaqdır”.