"Xankəndi"nin dinamik və döyüşkən komanda olduğunu bilirdik. Rəqib də bizim kimi ilk iki oyundan sonra 1 xala malik idi. Bu baxımdan qarşılaşmanın asan keçməyəcəyini əvvəlcədən düşünürdük". 

 

Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

 

47 yaşlı mütəxəssis komandasının Birinci Liqanın 3-cü turunda "Xankəndi"yə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:

 

"Rəqibin oyun üslubunu və meydanda necə mübarizə aparacağını müəyyən qədər təhlil etmişdik. Lakin ilk hissədə istədiklərimizi tam şəkildə həyata keçirə bilmədik. Rəqib bizim gözlədiyimiz kimi deyil, fərqli planla oyuna çıxmışdı və bu da ilk hissədə müəyyən çətinliklər yaratdı. Fasilədən sonra oyunun gedişatını dəyişmək üçün bəzi dəyişikliklər etdik. İkinci hissədə futbolçularımın mübarizəsindən razı qaldım. Etdiyimiz dəyişikliklər öz bəhrəsini verdi və nəticədə vacib olan 3 xalı qazandıq. Əlbəttə, qələbə qazanmağımız sevindiricidir, amma qarşıda hələ çox işimiz var. Üç oyundan sonra 4 xal toplamışıq. Açığı, bu nəticə bizim üçün kifayət etmir. Mövsümə daha uğurlu start vermək istəyirdik, lakin ilk oyunlarda bunu bacarmadıq. İnanıram ki, qarşıdakı oyunlarda özümüzü daha yaxşı göstərəcəyik və itirdiyimiz xalları kompensasiya etməyə çalışacağıq. Heyətimizdə həm gənc, həm də təcrübəli futbolçular var. Hər iki qrupun komandaya öz töhfəsi var. Bu futbolçuların birlikdə daha yaxşı nəticələr göstərəcəyinə inanıram". 

 

Yadullayev komandanın bu mövsüm üçün qarşıya qoyduğu hədəfdən danışıb:

 

"Klub rəhbərliyi mövsümün əvvəlində qarşımıza müəyyən məqsədlər qoyub. Biz də məşqçilər korpusu və futbolçular olaraq həmin məqsədlərə çatmaq üçün əlimizdən gələni edəcəyik. Qarşıda bizi çətin və məsuliyyətli qarşılaşmalar gözləyir. Düşünürəm ki, heyətimiz yüksək yerlər uğrunda mübarizə aparmağa tam yetərlidir. Hər görüşə ciddi yanaşmalıyıq. Qarşıdakı matçlarda daha yaxşı futbol nümayiş etdirərək xallarımızı artırmağa və mövsümün sonunda qarşımıza qoyulan məqsədlərə çatmağa çalışacağıq".

 

Qeyd edək ki, "Xankəndi" - MOİK matçı qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.