"İmişli"nin qapıçısı Sadiq Məmmədzadənin Sport24.az-a müsahibəsi

 

– Misli Premyer Liqasının VI turunda səfərdə "Sabah"a 1:3 hesabı ilə məğlub oldunuz. Oyun haqqında nə deyə bilərsiniz?

 

– Uduzsaq da, komandamızın yaxşı oynadığını düşünürəm. Oyunçular meydanda can qoydular. Ümumi götürsək, oyun yaxşı keçdi. Amma nəticə bizim üçün yaxşı olmadı.

 

– İlk qolda top sənə dəydikdən sonra qapıya daxil oldu və avtoqol qeydə alındı. Bu barədə nə düşünürsən?

 

– Həmin anda bir az bəxtim gətirmədi. Top əvvəlcə dirəyə dəydi, sonra mənə toxunaraq qapıya daxil oldu. Bəlkə də topu görmədim. Futbolda belə hallar olur.

 

– Milli fasilədən sonra daha bir iddialı komanda – "Qarabağ"la üz-üzə gələcəksiniz. Belə ağır qrafiklə oynamaq çətindir?

 

– Düşünürəm ki, "Neftçi" və "Sabah"a qarşı yaxşı oynadıq. Növbəti oyuna da yaxşı hazırlaşacağıq. "Qarabağ"ın necə komanda olduğunu bilirik. Komanda özünəinamını geri qaytarmaq istəyir. Növbəti matça necə lazımdırsa, hazır olacağıq.

 

– Qarşıda U-21-in toplanışı var və növbəti dəfə dəvət almısınız. Avropa çempionatının seçmə mərhələsinin matçlarından gözləntiləriniz nədir?

 

– Şansımız var. Hər komandadan xal almaq olar. Bizim üçün çox yaxşı oyunlardır. Təcrübə qazanmaq və özümüzü göstərmək üçün belə matçlar önəmlidir.