“Antalyadan yapon transferimizlə bağlı həddən artıq xoş təəssüratla qayıtmışam. Baxmayaraq ki, o da xeyli vaxtdı klubsuz, məşqsiz qalmışdı. Çünki son olaraq çıxış etdiyi Latviya çempionatı noyabrda başa çatmışdı. Bu üzdən xeyli vaxt komandasız məşqlərdə olub. Biri var individual, biri də var komandalı. Bu zaman aldığın yükləməni nə qədər istəsən də, fərdi məşqlərlə ala bilməzsən. Bizə gələndə bu, aşkar hiss olundu”. Bu fikirləri Sport24.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Qış fasiləsində transfer olunan yaponiyalı yarımmüdafiəçi Masaki Murata haqda fikirlərini bölüşən 45 yaşlı mütəxəssis uzun müddət hazırlıqsız qalmasına rəğmən, məşqlərdə əzmkarlığını vurğulayıb: “Antalyada da çox ağır, dinamik məşqlərimiz olmuşdu. Bunları ağır yükləmə altında etmişik. Özüylə də danışanda, deyirdi ki, yorulmuşam, mənə bir az ağır oldu. Amma hazırlıq prosesində çox əzmkar çalışırdı. Axırıncı matçda “Krılya Sovetov”a qarşı onu oynatdıq bir hissədən çox. Fiziki hazırlığının yetərli olmamasına baxmayaraq, həddən artıq artıq çalışdı. Çox xoşuma gəldi. Öz-özümə fikirləşdim ki, bu uşaq hazır olanda sonra yəqin, bizə daha çox xeyir verəcək. Bu vəziyyətdə belə məni həddindən artıq razı saldı”.

Ən maraqlısı budu ki, milli çempionatlarımız tarixində 2-ci yaponiyalı futbolçu da məhz Abasovun rəhbərliyi altında çıxış edəcək. Bu, ilk olaraq çalışdırdığı “Neftçi”də məşhur Keysuke Honda idisə, budəfəki “samuray" tanınmayan biridi. Abasov yaponlarla bağlı dediyimiz məqamı gülüşlə qarşıladı: “Demə qardaş, məndə bu yaponlara qarşı əsl sevgi oyanıb. O, hardansa məlumatlı idi ki, “Neftçi”də baş məşqçi olmuşam və Hondaya bir yerdə işləmişik. Bunu diqqətimə də çatdırdı. Oteldə liftdə qarşılaşanda soruşdum ki, Hondanı tanıyırsanmı. O da mənə sizə dediyimi dedi. Bilirsiniz, Yaponiyada futbolçu kimi Honda idolu var. Keysuke haqda onda o qədər məlumat vardı ki, neçədə yatır, neçədə yuxudan durur, nə işlərlə məşğul olur gün ərzində. Mən də onları bilirəm axı, çünki hamısını görmüşəm. Mənə təkrarlayandan sonra bildim ki, Hondanın Yaponiyada çəkisi doğrudan da deyilənlər kimi imiş. Muratanın özünün nizam-intizamına gəlincə, sənədli filmlərə baxanda görünür ki, yaponlar bir millət olaraq ümumi yaşam tərzinə, özünə baxmağa, düzgün qidalanmağa xüsusi diqqət yetirirlər. İnşallah, Masakidə də bunlar olar, buna inanıram”

 

 

MEHMAN SÜLEYMANOV