Xeyli müddətdi bu söz-söhbətlər gəzirdi. Nəhayət, 1 il öncə Tovuzda Futbol Akademiyası yaradıldı və bunun ilk ili də artıq arxada qaldı. Akademiyanın koordinatoru Adil Şükürov Sport24.az-a verdiyi müsahibəyə bu müddət kəsiyində görülən işlər barədə məlumat verməklə başladı.

- Əvvəl də bildirdiyim kimi, gəldiyimiz​ ilk gündən məşqçilərin savadlanmasıyla çox məşğul olduq. Özünüzün də bildiyiniz kimi, futbolçuların yetişdirilməsi, lazımı səviyyəyə çatdırılması üçün ilk növbədə məşqçilərin savadlanmağı çox vacibdi. Birinci işimizi bunun üzərində qurduq. Bundan sonra​ yay tətili zamanı da dayanmadıq.​ 80 nəfər arasında seleksiya elədik ki, onlardan 18 futbolçunu seçmişik. Az vaxt keçməsinə rəğmən, onlardan biri artıq A komandasının əsas heyətində oynayır. Onu deyim ki, keçənilki U-17 komandasının əsas heyət üzvü idi, bu mövsüm də əsas komandanın​ demək olar bütün matçlarında start heyətində meydana çıxır. Bundan əlavə, 3 nəfəri əsas komandamıza yüksəldə bilmişik ki, onlardan biri U-15 komandamızın üzvü idi. O, eyni zamanda U-17 yığmamızın əsas oyunçusudu. U-16 komandamızdan 2 futbolçu davamlı olaraq əsas komandaya cəlb olunur. Bugünkü günədək akademiyalarımızın bütün komandalarında proqramlı şəkildə işləyirik. O uşaqlara ilk günlərdən baxanda, artıq inkişafları görünür. Təbii ki,​ bu işin hamısı kollektiv, komanda işidi. Tovuz​ futbolunun yetirmələri olan, bugünkü gündə o uşaqların çıxıb əsas komandada, yaxud milli komandalarının üzvü olması AFFA tərəfindən qarşımıza qoyulan məqsədə qismən də olsa catmağımız deməkdi. Buna nail olmağımız bizi sevindirir. Bundan başqa, məşqçilərimiz də var​ ki, onların inkişafı göz qabağındadı. Bu, məşqlərə yanaşmalarında, məşqləri keçmələrində önə çıxır ki, həmin uşaqları​ hamımız bir yerdə üzə çıxara bilmişik. Qış tətilindən sonra akademiyamıza yenə seleksiya günləri təyin elədik. Yanvarın 15-dən 19-dək bunu davam etdirdik. Burda da Yevlaxdan, Şəkidən, Lənkərandan futbolçular cəlb elədik. Ümumilikdə say 40-50 nəfər idi. Onlardan hələ ki birinci mərhələni 3​ futbolçu keçib ki, biri lənkəranlı qapıçıdı. Digər ikisi isə​ "Qəbələ" və Şəki futbolunun yetirmələridi. Onlara ikinci mərhələdə yenə baxırıq. Bundan sonra inşallah, yekun qərarımızı verəcəyik. Onu da qeyd edim ki, bizə ən yaxın zona olan Şəmkirdən bir neçə futbolçunu yenidən akademiyamıza cəlb edərək saxlamaq istəyirik. Bundan əlavə, Tovuzdan olan bir neçə potensiallı​ futbolçunu akademiyamıza cəlb edərək saxlayacağıq ki, sonra onların inkişafına daha tez nail ola bilək. Çünki bilirsiniz ki, bizə az​ bir müddət vaxt verilib və bu zaman kəsiyində o futbolçuları üzə çıxarmalı, çalışıb inkişaflarında daha intensiv olmalıyıq. Akademiyada qalan uşaqların sayını 30 nəfərə qaldırmaq istəyirik. Çünki həqiqətən potensiallı uşaqlar var ki, onları komandamıza cəlb eləmək istəyirik. İndi U-9 komandasını belə yığıb hazırlamışıq. Bununla bağlı klub rəhbərliyinə müraciət eləmişəm ki,​ bizə belə yaş qrupunda komanda lazımdı. Artıq bunun təsdiqlənməsini gözləyirəm. Bu komandanın yeni mövsümə formalaşması üzərində işləyirik ki, U-10 komandası üçün hazırlıq görəcəyik.​

- Qeyd etdiniz ki,​ yeniyetmələrdən ibarət milli komandalara cəlb olunan futbolçularınız var. Bəs Premyer Liqa klublarından necə, tovuzlu yeniyetmələrə göz qoyulur? Yoxsa bu barədə danışmaq hələ tezdir?

- Akademiyamızın AFFA-nın keçirdiyi çempionatda çıxış elədiyi 5 ayda bizim futbolçulara müraciətlər olub. Bunlar U-16, U-17 komandalarımızın üzvlərinə aiddi ki, onları öz komandalarına cəlb eləmək istəyirlər.​ Gələcək planlarımızda bu var ki, ən potensiallı uşaqları A komandamıza göndərək. Bax, həmin uşaqlarla artıq maraqlananlar var. Bugünkü gündə milli komandamızın məşqçiləri ilə danışırıq ki, Rəşad Əliyevə onlar da nəzər yetirsinlər. İnanıram ki, gələcəkdə U-19 yığmamıza cəlb olunub əsas heyət üzvlərindən biri ola bilər. Çünki o uşaq əsas komandamızda davamlı olaraq əsas heyətdə çıxmağa başlayıb. Bugünlərdə "Xan Lənkəran"la yoxlama matçı keçirdik. Perspektivli futbolçularımızdan olan Dünyamin həmin oyuna​ çıxıb, maşallah, yaxşı da çıxış edib. Bütün Lənkəran ondan danışır. Deyirlər ki, uşağı verək onlara. Artıq​ bizə bu haqda müraciət ediblər. Amma özümüzə də lazımdı.

- Hər bir klubun aynası akademiyadı, daha doğrusu, öz yetirmələridi. Qeyd etdiniz ki, 15 və 17 yaşlı futbolçular artıq əsas komandanın​ əsas heyət üzvünə çevrilib. Necə hesab edirsiniz, növbəti mövsüm qərar qəbul olunsa ki, "Turan" Premyer Liqada çıxış edəcək, Tovuz futbolunun yetirmələrindən o səviyyədə çıxış etməyə heç olmasa biri qadirdi, yoxsa hələ tezdi?

- Təbii ki, burda bizim üçün əsas vacib olan o futbolçuları üzə çıxarmaq, onların inkişafına​ nail olmaqdı. Biz də bunun üçün çalışırıq. Təbii ki, burda əsas komandamızın baş məşqçisi Rövşən Babayevi də qeyd eləməliyəm. Onu komandamıza dəvət etdiyimiz ilk gündən qarşısına məqsəd qoyduq ki, çalışıb yerli futbolçulardan istifadə edib onları üzə çıxarmalıdı ki, Rövşən müəllim də öz tərəfindən bizə bu dəstəyi veverir. Dünənə qədər nəinki əsas heyətə, heç "18-liy"ə buraxılmayan futbolçuları - bizə qədər olanlar var idi - 2004-cü il təvəllüdlü Rəşad Əliyev, 2003-cü il təvəllüdlü Sənan Aslanov, 2001-ci il təvəllüdlü Elvin İsmayılovu Babayev akademiyadan tam inkişaf etmiş uşaqlardan başqa onları da üzə çıxardaraq bugünkü əsas komandada oynadır. Təbii ki, onların əsas komandaya yüksəlib​ orda oynamaları, Premyer Liqa səviyyəsində çıxış etmələri üçün müəyyən bir vaxt lazım olacaq. Çünki ilk dönəmlərdə də I Diviziona çıxış edəndə belə onlara​ çətin idi. Təbii ki, onlara Premyer Liqada öyrəşmək lazımdı. Qərar verilsə və "Turan" Premyer Liqaya çıxsa,​ onlara ilk vaxtlar çətin olacaq. Amma inanıram ki, sonrakı mövsümlərdə Tovuz uşaqlarının​ hamısı oynayacaq. Görünən odu ki, "Turan Tovuz" klubunun akademiya və əsas komandayla bağlı vəhdət qurulub və görülən işlərdən sonra uzun müddət futbolçu tərəfdən heç bir problem olmayacaq.​ ​ Onu da deyim ki, bu müddətdə bir neçə şəhidin xatirəsinə turnir keçirdik. Gələcəkdə bu turnirlərin davamlı olmasını planlaşdırırıq. Çalışırıq ki, həm akademiyamızda futbolçu yetişdirək, həm də vətənpərvər igid oğlanlar.

- Oqtay Abdullayev də, Nadir Nəbiyev də, Adil Şükürov da ölkə futbolunda sözünü demiş insanlardı. Belə demək olarmı ki, Tovuzdakı işlərin səhmana düşməsində “üçbaşlı əjdaha”nın formalaşması böyük rol oynayıb?

- Təbii ki, bu işlər bir anda görülən​ deyil. Bunların hamısının həyata keçirilməsində rəhbərliyin rolu da çox böyükdü. Çünki burda bütün işlərimizi​ görəndə də bunu rəhbərliyimizlə məsləhətləşərək edirik. Onlar da sağ olsunlar, çalışırlar​ akademiyamız üçün yaxşı şərait düzəltsinlər ki, həm imkanlar baxımından yaxşı olsun, həm də məşqləri keçmək sarıdan bizə köməklik eləsinlər ki, akademiyamızda inkişafa daha tez nail ola bilək. Çünki bu məqsədi rəhbərlik qarşımıza qoyub və onlar da çalışır ki, istənilənləri, müraciətləri vaxtında yerinə yetirsinlər. Bununla da akademiyayla bağlı heç bir problem olmasın. Məşqçilərlə bağlı da planımız var. İki məşqçimiz var ki, istəyirik komandamızın fiziki hazırlıq proqramı üzrə işləsinlər, inkişaf eləsinlər. Çalışırıq ki, gələcəkdə rəhbərlik şərait yaratsa, xaricdə seminara göndərək. Turnirlər​ istəyirik keçirək, amma xaricdə olsa, daha yaxşı olardı. İnşallah, sərhədlər​ açılsaydı, Gürcüstan və Türkiyəylə danışıb​ getmək olardı. Hər hada, bunlar bizə ən yaxın​ ölkələr olduqlarından, rahatdırlar, uyğundurlar. Planlarımız çoxdur, hamısının da başlıca məqsədi Tovuz futbolunun inkişafıdı.

No description available.

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

 

CEYHUN ƏLİYEV