Benin futbolunda yayın ən diqqətçəkən beş transferi müəyyənləşib. Sport24.az "Africafoot"a istinadən xəbər verir ki, beninli məşqçi və "Benkn Foot Academie" akademiyasının prezidenti Rocer Janvye Enama klubunu dəyişən beş milli üzvünün hazırkı durumunu dəyərləndirib.
Mütəxəssis siyahını hazırlayarkən əsas meyar kimi futbolçuların yeni komandalarında qazandığı oyun praktikasını götürüb.
Siyahıda Azərbaycan futbolu ilə bağlı iki oyunçu – Abdul Raşid Mumini və Felipe Santos da yer alıb.
"Sumqayıt"ı "Şamaxı"ya dəyişən Mumini mövsümün ilk 5 oyununda start heyətində meydana çıxıb. Enama müdafiəçinin yeni komandasında əsas fiqurlardan birinə çevrildiyini vurğulayıb:
"Baş məşqçisi (red: Azər Bağırov) ona çox güvənir".
"Araz-Naxçıvan"dan Taylandın "True Bangkok United" klubuna keçən Felipe Santos isə mövsümün ilk turunda cəmi 3 dəqiqə meydanda olub.
Enama braziliyalı futbolçunun əsas heyətdə daha çox şans qazanmaq və baş məşqçinin etimadını qazanmaq üçün üzərində daha çox çalışmalı olduğunu bildirib. Bununla belə, mütəxəssis Santosa Benin millisi üçün "etibarlı futbolçu" kimi yanaşır.
Siyahının digər üzvləri isə Matteo Ahlinvi ("Farul Konstansa"), Tamimou Ouorou (CSKA Sofiya) və Yohan Roche ("İraklis" Saloniki) olub.