Niderland çempionatının üçüncü divizionunda "IJsselmeervogels" və GVVV komandaları arasında keçirilən oyun, meydan sahiblərinin müdafiəçisi Kjermo Dumaya hücum edilməsi səbəbindən fasilə zamanı dayandırılıb. Sport24.az xəbər verir ki, bu barədə "De Gelderlander" məlumat yayıb. 

 

Hadisə GVVV-nin 2:0 hesabı ilə öndə olduğu vaxt stadionun tunel hissəsində baş verib. Məlumata əsasən, 25 yaşlı Dumayın üzünə zərbə endirilib və nəticədə onun üç dişi sınıb. Hadisədən sonra "IJsselmeervogels"in futbolçuları oyunu davam etdirməkdən imtina ediblər.

 

Ev sahibi komandanın baş məşqçisi Villem Leuşuis bildirib ki, Dumay ona hücum edən şəxsin GVVV-nin köməkçi məşqçisi Con van Beukerinq olub. GVVV insidenti pisləyib və bütün hallar aydınlaşdırıldıqdan sonra intizam tədbirlərinin görüləcəyini bəyan edib. Futbolçu tibbi yardım alıb və polisə şikayət ərizəsi təqdim edib.

 

Hüquq-mühafizə orqanları tribunada azarkeşlər arasında yaranmış qarşıdurmanı sakitləşdirmək üçün müdaxilə edib, heç kim saxlanılmayıb.

 

Dumay 2026-cı ilin yayında "IJsselmeervogels"ə keçməzdən əvvəl GVVV-də çıxış edib. Bu matç onun keçmiş komandasına qarşı ilk oyunu olub.