Misli Premyer Liqası klubları yay transfer dönəmində kifayət qədər aktiv oldular. Sport24.az xəbər verir ki, heyətinə keyfiyyətli legionerlər cəlb edənlər də oldu, sırf transfer xatirinə futbolçu alanlar da.
Təbii ki, yeni transferlərin necə çıxış edəcəyini zaman göstərəcək.
Redaksiyamız bu dəfə komandaların heyətinə qatdığı ön xətt oyunçuları ilə bağlı qısa araşdırma aparıb. Bu mövqedə çıxış edən futbolçuların başlıca vəzifəsi ya qol vurmaq, ya da məhsuldar ötürmə etməklə komandasına fayda verməkdir.
Bəzi klubların forvardları və vingerləri son mövsümlərdə az da olsa, fərqlənməyi bacarıblar. Lakin Misli Premyer Liqasında debüt edən bir cinah hücumçusu var ki, üç ilə yaxındır rəsmi matçlarda qol vura, üstəlik, məhsuldar ötürmə də edə bilmir.
Söhbət "Kəpəz"in "Benito" ləqəbli futbolçusu Olabiran Blessinq Muyivadan gedir. 28 yaşlı oyunçu hələlik çempionatda 3 matçda cəmi 38 dəqiqə meydanda olub.
Benito sonuncu dəfə 2023-cü ilin dekabrında Kiyev "Dinamo"sunda çıxış edərkən Ukrayna Premyer Liqasında "Obolon"la qarşılaşmada qol vurub. Onun son məhsuldar ötürməsi isə həmin ilin avqustunda LNZ ilə matça təsadüf edir.
Maraqlıdır ki, "Kəpəz" Benitonun həmin vaxtdan sonra artıq üçüncü klubudur.
Kiyev "Dinamo"sundan ayrıldıqdan sonra "Zarya Luqansk"a keçən futbolçu burada nə fərqlənə, nə də qol ötürməsi ilə yadda qalıb.
2025/2026 mövsümündə Kipr təmsilçisi "Akritas"da çıxış edən nigeriyalı oyunçunun qol və assist baxımından uğursuz seriyası burada da davam edib.
Qeyd edək ki, "Kəpəz" bazar dəyəri 125 min avro olan Benito ilə mövsümün sonunadək müqavilə imzalayıb.