"Zədəmi sağaltdıqdan sonra ilk dəfə meydana çıxdım. Təəssüf ki, bu oyunda da uğursuzluqla üzləşdik. Hazırda "Kəpəz" tarixinin ən pis dövrünü yaşayır. Ardıcıl məğlubiyyətlər, xalsızlıq... Qısası, deyiləcək nəsə yoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Tural Rzayev deyib.

 

Gəncəli futbolçu "Kəpəz"in acınacaqlı durumda olmasını belə izah edib: "Mən daxil, hər bir futbolçu məsuliyyəti dərk etməli, səhvləri üzərində işləməlidi. Komandanı  bugünkü vəziyyətə düşməsinin səbəbkarı bizik. Ona görə də çıxış yolunu birgə axtarmalı və "qara zolaq" çıxmaq üçün əlimizdən gələnin ən yaxşısını etməliyik".

 

Rzayev baş məşqçi Azər Bağırovun komandanı böhrandan çıxaracağına inandığını da vurğulayıb: "Azər müəllim kifayət qədər savadlı mütəxəssisdi. Düşünürəm ki, o, komandanı bu vəziyyətdən çıxarmaq üçün bütün bacarığını ortaya qoyacaq.  "Ümid sonda ölür" deyirlər. Odur ki, ümidliyik və sona qədər mübarizə aparacağıq".

 

Qeyd edək ki, VIII tudan sonra aktivində xal olmayan "Gəncə təmsilçisi turnir cədvəlinin zirzəmisində qərarlaşıb.

 

ABDULLA İSMAYILOĞLU