Millimizin növbəti seçmə mərhələsi başa çatandan sonra ən aktual məsələ baş məşqçi postuyla bağlıdı. Bu ayın sonunda müqaviləsi bitəcək italiyalı Canni de Byazliylə anlaşmanın müddəti uzadılacaq, yoxsa yeni baş məşqçi təyinatı reallaşacaq - buna yaxında keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək. Hələliksə Sport24.az suallarını bu qurumun üzvü olan təcrübəli mütəxəssis, millimizin sabiq baş məşqçisi Kazbek Tuayevə ünvanladı. 

- Millimizin son seçmə mərhələdəki çıxışını necə dəyərləndirərdiniz?

- Belə hesab edirəm ki, bu tsikl arxada qaldı və onu unutmaq lazımdı. Bu, məsələnin birinci tərəfi. İkinci tərəfi odur ki, baş məşqçiyə təşəkkür etmək lazımdı. Necə olsa da, sakit işlədi. Yaxşı-pis işlədi - qiymət verməyəcəm. 

- Niyə?

- Çünki nəticə hər şeyi deyir. Ancaq istənilən halda, "sağ ol" deyib, irəli getmək lazımdı. 

- Bunun üçün nə edək?

- Həmişə bir fikrim olub, indi də var - hazırda elə bir vaxtdı ki, mütləq baş məşqçimiz bizim yerli yoldaş olsun. Cavanlarımız var, hansılar ki ümidlər verir, bu sahədə can atırlar, istəyirlər, istəkləri var. Burda iki variant var.

- Maraqlıdı, hansılar?

- Ya yaxşı, sanballı türkiyəli məşqçini gətirək bu posta, ya da bizim mütəxəssisi. Hər halda, hesab edirəm ki, daha yaxşısı özümüzünkünün olmasıdı. Bizim məşqçilərdən hökmən istifadə eləmək lazımdı. Hər halda, onlar futbolçularımızı, mentaliteti bilirlər. Bəli, vaxtı yetişib, artıq bizim məşqçilər işləməlidi, bax belə!

- Yəni, əcnəbi olaraq yalnız Türkiyəyə üz tutmağı məqsədəuyğun sayırsınız. Hər halda, onlar bizə yad deyillər, əksinə, qardaşdırlar, bizi yaxşı tanıyırlar, mentalitetimizi yaxşı bilirlər...

- Gəlin, belə danışaq ki, Türkiyə sözün əsl mənasında bizə qardaşdı. Bizə necə kömək etdilər, bunu bilirik və onlara minnətdarıq. Belə çətin vəziyyətdə türklər bizə yardım etdilər və onlara tam olaraq etibar eləmək lazımdı. Belə vəziyyət yaransa ki, Türkiyədən məşqçi dəvət edəcəklər, gəlsin, burda işləsin, bizə kömək etsin, böyük məmnuniyyətlə olsun. Ancaq hesab edirəm ki, bu məsələni AFFA rəhbərliyi - prezident Rövnəq Abdullayevlə vitse-prezident Elxan Məmmədov həll etməlidi. Hansılar ki, hörmətli yoldaşlarımızdı, vəziyyəti bizdən daha yaxşı bilirlər - maliyyə məsələlərini, hər detalı. Çünki kənardan məşqçi dəvət edəndə, məsələnin hər aspektini öyrənirlər - həmin məşqçinin xarakterindən, təhsilindən tutmuş ailə vəziyyətinədək. Ümumi qayda var ki, bu məsələni da bilmək lazımdı ailəsi varmı, özünü necə aparır. Bir sözlə, öyrəniləsi çox məsələ var. Buna görə belə alınsa ki, türkiyəli məşqçini dəvət etmək lazımdı, buna böyük məmnuiyyətlə "hə" deyirəm. Çünki səbəblərini sizə az əvvəl söylədim. Türkiyədə futbol ruhən bizə yaxındı, münasibdi. Onların futbolunu, çıxışını izləyirik, böyük zövqlə onlara azarkeşlik edirik. Bax, indi Türkiyəni təbrik edirik - milli komandası dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazandı. Gözəl, əla nəticədi - mənə çox xoş gəldi. Xüsusilə son oyunları, hansında ki səfərdə Monteneqroya qalib gələrək buna nail oldular. Ancaq yekunda belə olsa ki, Türkiyə variantı alınmır, onda özümüzünkü. Mənim baxışımla türkiyəli məşqçi ikinci variantdı. Birinci variant kimi isə hər halda, öz məşqçilərimizin millidə olmasını istəyirəm. Kifayət qədər mütəxəssislərimiz var ki, işləyə bilərlər. Onların adlarını dəfələrlə açıqlamışam.

- Mümkünsə bir daha...

- Həmin Arif Əsədov, Tərlan Əhmədov, Vəli Qasımov. Bu insanlar millidə işləyə bilərlər, işi bilirlər. Öz sahələrində böyük təcrübə keçiblər, futbolçu kimi da yaxşı idilər. Bundan faydalanmaq lazımdı. Burda çox variant var. Məsələn, təklif edirəm ki, üçünü də götürsünlər milliyə. Üçü də dost kimi, bir-birlərinə hörmət, kömək edərək işləsinlər. Təbii ki, baş məşqçi bir nəfər olardı, ancaq digərləri ona kömək edərdi. Özü də lazımı səviyyədə. 

- Tərlan Əhmədovun namizədliyini irəli sürməyiniz diqqətimi çəkdi. Çünki onu, kapitanınızı vaxtilə "Neftçi"də baş məşqçi olarkən komandadan çıxarmışdınız. Özü də bu yaxında müsahibəsində bildirdi ki, sizdən səbəbini "iki qoçun başı bir qazanda qaynamaz" açıqlamaqla göstərmisiniz...

- Bu, nə vaxtsa olan bir şeydi. Ancaq indi böyük məmnuniyyətlə millidə işləyər - təklif olsa. Necə işləməz? Hesab edirsiniz ki, işləməz?

- Təbii ki, işləyər. Özü də böyük məmuniyyətlə bu təklifi qəbul etməyə hazır olduğunu mətbuata açıqlayıb...

- Bu, istənilən futbolçu üçün şərəfdi ki, millinin məşqçisi olsun. 

- Türkiyəyə son olaraq qayıdaraq bir şey soruşum - konkret namizədiniz varmı ki, ona simpatiya bəsləyirsiniz?

- Öz işlədiyim vaxtda kimlərlə qarşılaşmışam, onları tanıyıram. Şenol Günəş yaxşı, əla məşqçidi. Fatih Terim də artıq yaşlı insandı.

- O, "Qalatasaray"ın baş məşqçisidi...

- Ola bilər, ona yaşına görə çətin olsun. Daha cavan məşqçilər var ki, hansılar indi özlərini göstərirlər, açıq deyim ki, elə də izləmirəm onları. Adlarını çəkdiklərimi tanıyıram. Fikirləşirəm ki, türklər bu işlə məşğul olsalar, tam sakit şəkildə işlərini görə bilərlər. Çünki məşqçi seçəndə sistem belə olur ki, 10-12 nəfər təklif olunur - bəlkə də çox - onun həm futbolçu, həm məşqçi kimi xarakteristikası, hər şey xırdalığına qədər öyrənilir. Bundan sonra seçim prosesi aparılır - kimsə imtina edir, kimisə biz istəmirik və yekunda ən yaxşı müəyyənləşdirilir. Bax, belə prinsip var. Burda heç bir çətin şey yoxdu. 

- Son vaxtlar əsasən Samet Aybaba adı hallanır, özü bizimkilərlə anlaşdığını iddia edir. Hərçənd, AFFA rəsmən bəyan edib ki, bu 66 yaşlı məşqçiylə nəinki razılığa gəlməmişik, heç danışıq aparmamışıq belə...

- İndi bu məsələlərə diqqət yetirmək lazım deyil. Biri özününküləri təklif edir, digəri başqa şey deyir, həmişə belə söz-söhbətlər olur. Buna fikir vermək lazım deyil. De Byazinin bu ayın sonunadək müqaviləsi var, qoy bu, bitsin, sonra baxarıq. Axı, bilmirik detalları. Yəqin, müəyyən hazırlıq gedir, əlaqələr qurulur, kiminləsə danışılır. Axı, bunları bilmirik. Yəqin, bu istiqamətdə hansısa işlər görülür. Çünki Abdullayevlə Məmmədov təcrübəli insanlardı, neçə illərdi məşqçilər dəvət edirlər, bu sistemi bilirlər. Yəqin, hansısa ilkin addımlar atırlar - belə düşünürəm. 

- Noyabrın sonunda - dekabrın əvvəlində AFFA İcariyyyə Komitəsinin iclası olacaq ki, orda baş məşqçi məsələsi ilə bağlı rəsmi qərar veriləcək. Təbii ki, orda təkliflərinizi verəcəksiniz...

- Məsələ  bundadı ki, İcraiyyə Komitəsində de Byazinin hesabatı olacaq. Bundan sonra yəqin, çox məşqçi soyadları təklif olunacaq - ya özləri istəyirlər, ya kimsə öz xidmətlərini təklif edir. Ancaq bir daha təkrar edirəm - həm İcraiyyə Komitəsinin iclasında, həm də siz mətbuat işçilərinə müsahibələrimdə həmişə demişəm ki, millimizin baş məşqçiləri özümüzünkülər olsun.

- Bir öz məşqçimizin da namizədliyi geniş müzakirə edilir. Hansını ki, ən yaxşı siz tanıyırsınız. Hər halda, bir futbolçu kimi tanınmasında xidmətləriniz böyük olub. Bu, artıq məşqçiliyə başlayan Rəşad Sadıqovdu ki, özü də milinin təklifi olarsa, bunu qəbul edəcəyini bəyan edib...

- Onun millinin baş məşqçisi olmasıyla bağlı böyük istəyinin, futbolda böyük təcrübəsinin olması çox yaxşıdı. Miusal üçün mən də onun namizədliyini irəli sürərəm. Bir daha deyirəm ki, baş məşqçi məsələsini mən həll etmirəm. Üç məşqçini dedimsə, bundan əlavə həmin Rəşad Sadıqovun, Yunis Hüseynovun da adını çəkə bilərəm. Çünki normal insanlardı ki, futbolda hər şeyi keçiblər, hər şeyi yaxşı bilirlər. Rəşadın milliylə bağlı istəyi gözəl haldı, buna çox şadam. 

- Ancaq belə qənaətə gəldim ki, daha çox ilk 3 nəfərə fokuslanmısınız...

- Yox, yalnız üçlüklə kifayətlənmirəm. Başqalarının da adını çəkdim. Sadəcə, həmin 3 nəfəri ona görə ayırdım ki, həmişə onların adlarını çəkmişəm. Rəşadın adını isə indi demək olar. Azərbaycanlı baş məşqçilərin adlarını çəkdiyimdə Sadıqov hələ futbol oynayırdı. 

- Bəs, Qurban Qurbanovun millinin baş məşqçi qayıtması varinatını nə dərəcədə real sayırsınız?

- Əlbəttə, onun işləməsini açığı, çox istəyirdim. Çünki Azərbaycanda ən yaxşı məşqçilərimizdəndi. Sadəcə, əfsuslar olsun ki, ilk dəfə işləyəndə bir az alınmadı. Ancaq eybi yoxdu, bir az vaxt keçsin. Yenidən onun namizədliyinə qayıtmaq olar, vəssalam!
 

 

MEHMAN SÜLEYMANOV