Cari mövsümdə "Qarabağ"n istər Premyer Liqada, istərsə də Avropa Liqasında uğurlu çıxışında pay sahiblərindən biri də Toral Bayramovdu. 23 yaşlı futbolçu üçün 2023/24 "futbol ili" yadda qalan oldu. Onunla "Kəpəz"lə matçdan sonra söhbətləşdik. Sport24.az-a müsahibə verən Toral həm çempionluqla bağlı danışdı, həm də gələcək karyerası ilə bağlı sualı cavablandırdı.

 

- Sona 8 tur qalmış çempionluğunuzu rəsmləşdirdiz. Mövsümün əvvəlində "qızıl"ı belə erkən qazanacağınızı düşünürdün?
- Öncə onu deyim ki, "Kəpəz"lə oyuna ciddi hazırlaşmışdıq.
Rəqib ilk dəqiqələrdə bizə müqavimət göstərərəb başabaş mübarizə apardı. Şükürlər olsun, bizə lazım olan qolları vurub çempionluğu rəsmləşdirdik. Bunun üçün çox sevincliyəm. Mövsümün əvvəlindən qarşımıza 1-ci olmaq hədəfi qoyulmuşdu. Ona görə hər oyuna qələbə üçün çıxırdıq. İstəyirdik ki, çempionluğa bacardıqca tez nail olaq. Sevincliyəm ki, məqsədimizə çatdıq. Amma hələ heç nə bitməyib, arxayınlaşmaq olmaz. Qarşıda bizi ağır kubok oyunları gözləyir. Bütün diqqətimizi ölkə kubokunu qazanmağa yönəldəcəyik.


- Bu mövsüm əvvəlki illərlə müqayisədə daha çox qol vurdun. Qarşına maksimum çox fərqlənmək məqsədi qoymuşdun, yoxsa belə alındı?  
- Əsas məqsədim komandaya faydalı olmaqdı. Təbii ki, hər bir futbolçu qollar vurmaq, məhsuldar ötürmə etmək istəyər. Qarşıda hələ 8 tur və kubok oyunları var. Bacardığım qədər fərqlənməyə çalışacam.


- Milli komandanın son iki oyununa da dəvət almışdın. Monqolustan və Bolqarıstanla matçlar barədə fikirlərini bilmək maraqlı olardı...  
- Yığma komanda bizim qürurumuzdu. Ona görə də ölkənin əsas komandasına çağrılan hər biri futbolçu bunu dərk etməli və maksimum gücünü meydanda qoymalıdı. Fikrimcə, Monqolustan və Bolqarıstan komandalarına qarşı pis çıxış etmədik. Qarşıdakı Millətlər Liqasında daha yaxşı çıxış edəcəyimizə inanıram.


- Adın bir çox məşhur klublarla yanaşı hallanır. Legioner həyatı yaşamaq fikrin var, yoxsa bütün planlar "Qarabağ"la bağlıdı?  
- Bu barədə fikir biıdirmək istəmirəm. Yeganə onu deyə bilərəm ki, hazırda "Qarabağ"ın futbolçusuyam və bütün məqsədim də klubuma fayda vermək, onun irəli daşımaqdı.

ABDULLA İSMAYILOĞLU