Azərbaycanda futbolla məşqğul olan yetərincə istedadlı yeniyetmə və gənclər var. Sadəcə, onlar savadlı, işini bilən mütəxəssislərin əlinin altına düşməlidilər ki, futbolçu kimi püxtələşsinlər, böyük futbola keçid astanasında kölgədə qalmasınlar, karyeralarını inkişaf etdirsinlər. Bir də ən əsası həmin gənclərə güvənmək və şans yaratmaq lazımdı ki, özlərini sübut etsinlər. Belə gənclərdən biri də hazırda “Neftçi”nin U-19 komandasının şərəfini qoruyan Süleyman Bağıyevdi. Onunla söhbətdə futbola gəlişindən, hazırkı durumundan və gələcək arzularından danışdıq.
- Əvvəlcə ondan başlayaq ki, necə oldu futbolla məşğul olmağa başladın?
- Bütün uşaqlar kimi, mənim də topla tanışlığım məhəllə futbolundan başlayıb. Kiçik yaşlarımda tez-tez həyətdə həmyaşıdlarımla futbol oynayırdım. Bu idman növünə böyük marağım olduğunu görən evdəkilər məni “Qarabağ”ın aşağı yaş qruplarına yazdırdılar. Orda bir müddət futbolun sirlərini örəndikdən sonra “Tufan” klubuna keçdim. Ancaq orda çox qalmadım. Pandemiya başladığından məşqlərin keçirilməsinə icazə verilmədi. Bir müddət fərdi məşq etdikdən sonra “Neftçi”yə üz tutdum və bu günə kimi “ağ-qaralar”ın şərəfini qoruyuram.
- Futbola “Qarabağ”da başlasan da, hazırda Ağdam klubunun əzəli və əbədi rəqibi “Neftçi”də çıxış edirsən. Dostlarının, əzizlərinin bu keçidə reaksiyası necə oldu?
- Məncə, burda qeyri-adi heç nə yoxdu. Tarixdə o qədər futbolçu olub ki, bir-birinə az qala düşmən olan hər iki klubun formsını geyib. Bu əsasən böyük futbolda böyük səs-soraq yaradır. Uşaq futbolunda bu məqama çox da diqqət yetirilmir. Mənim üçün vacib olan futbolçu kimi inkişaf etməyimdi. Bu gün “Neftçi”də özümü rahat hiss edirəmsə, baş məşqçimiz Rəşad Abdullayevin məşq prosesindən ləzzət alıramsa, deməli, düzgün addım atmışam. “Neftçi”yə keçməmişdən öncə Rəşad müəllim əvvəl çıxış etdiyim klubların çalışdırıcıları ilə əlaqə saxladı, barəmdə ətraflı məlumat topladı. Yəqin onlar müsbət xasiyyətnamə verdilər ki, Abdullayev məni komandaya götürdü. Kimsə barəmdə mənfi fikir səsləndirsəydi, bu gün “Neftçi”də olmazdım. “Neftçi” elə bir klubdu ki, burda hər xırda detala belə xüsusi önəm verirlər.
- Mahmud Qurbanovun rəhbərlik etdiyi əvəzedicilərin məşqlərinə dəvət olunursan?
- Bəli. Düzdü, əsasən “Neftçi”nin U-19 komandasında çıxış edirəm. Ancaq Mahmud müəllimin çalışdırdığı əvəzedicilərin də məşqlərinə müntəzəm dəvət alıram. Ümumiyyətlə, bizim klubda bu məsələyə xüsusi diqqət yetirilir. Mənim kimi digər komanda yoldaşlarım da “ikincilər”in hazırlığına qatılırlar ki, bu da bizə məşqlərdə daha istəkli çalışmaq üçün stimul verir. Mən də, uşaqlar da hiss edirik ki, məşqçilər korpusu hamımızı izləyir, hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərənlər diqqətdən kənarda qalmırlar.
- Aşağı yaş qrupları üzrə yığmalara dəvət almısan?
- “Tufan”da oynayanda yığma məşqçilərinin diqqətini cəlb etmişdim. Mənə demişdilər ki, tezliklə millinin seleksiya xarakterli toplanışlarına dəvət alacaqsan. Ancaq pandemiya hər şeyi alt-üst etdi. Bir müddət məşq etmədiyimdən yığma məşqçilərinin diqqətindən kənarda qaldım. Ancaq həvəsdən düşmürəm və inanıram ki, oyunumla yenidən onların maraq dairəsinə düşəcəm.
- Gələcəklə bağlı planların necədi?
- Açığı, ölkədən kənara çıxmağı düşünürəm. Futbolçu kimi inkişaf etmək, daha böyük hədəflərə çatmaq istəyirəmsə, mütləq ölkə kənarında çıxış etməliyəm. Əsas məqsədim tezliklə yaxın xaricə yollanmaqdı. Bu Rusiya da ola bilər, Türkiyə də. Hələ ki pandemiya ilə əlaqədar dəqiq qərar vermək çətindi. Ancaq inşallah, vəziyyət düzələcəyi halda mütləq xaricə yollanacam. Deyə bilərsiz ki, Azəbaycanda da futbolçu kimi inkişaf etmək mümkündü, “qab”ında varsa, burda da istəyinə çata bilərsən. Ancaq mən fərqli fikirdəyəm. Məncə, bu yaşda xaricə yollanmaq daha yaxşıdı, nəinki 25-dən sonra. Gənc yaşda sərhədi aşmaqla müxtəlif futbol mədəniyyətləri ilə tanış olursan, fərqli məşqçilərin rəhbərliyi altında futbol savadını artırırsan ("Futbol+").