"İmişli"nin yayda heyətinə qatdığı və bir ay sonra yollarını ayırdığı Domingos Sengui Hermenegildo (Picas) Portuqaliya Kubokunda meydana çıxıb. Sport24.az xəbər verir ki, "AD Fafe"yə qayıdan anqolalı futbolçu "Pakuş Ferreyra" ilə qarşılaşmanın ikinci hissəsində oyuna daxil olub.
Maraqlıdır ki, "İmişli" qarşılıqlı razılıq əsasında yolların ayrıldığını açıqladı.
Amma Sport24.az bölgə təmsilçisinə yaxın mənbədən məlumat əldə etmiş və Picasda tibbi müayinəsi zamanı hepatit aşkarlandığını yazmışdı.
İndi isə ortaya kifayət qədər maraqlı sual çıxır: Azərbaycanda tibbi müayinədən keçə bilməyən futbolçu Portuqaliyada necə meydana çıxıb?
Təbii ki, burada məsələni yalnız "futbolçuda hepatit aşkarlanıbsa, necə oynadı?" sualı ilə məhdudlaşdırmaq olmaz. Çünki xəstəliyin növü, futbolçunun sonrakı tibbi müayinələri və Portuqaliyada oynamağa hansı əsaslarla icazə verildiyi barədə məlumat yoxdur.
Amma o zaman başqa sual yaranır: "İmişli"nin futbolçu ilə yolları ayırmasına səbəb həqiqətən tibbi problem idisə, klub bu məsələyə bir qədər aydınlıq gətirməlidir.
Əks halda ortaya belə bir mənzərə çıxır: futbolçu Azərbaycanda tibbi müayinədən keçmir, klub onunla yolları ayırır, bir müddət sonra isə Portuqaliyada meydana çıxır.
Bəs "İmişli"nin tibbi müayinəsində konkret nə baş vermişdi? Futbolçu sonradan Portuqaliyada əlavə müayinədən keçib? Və onun "İmişli"dən ayrılmasının əsl səbəbi nə olub? Sual çoxdur. Cavab isə hələlik yoxdur.