Misli Premyer Liqasının III turu antirekordla əlamətdar olub. Sport24.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub.

 

Orta məhsuldarlıq 0,83-ə bərabər olub.

"Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanın hərəsində 1 top vurulub. "Kəpəz" - "Turan Tovuz" və "Zirə" - "Neftçi" matçlarında meydan sahibi, "Şəfa" - "İmişli", "Sumqayıt" - "Qarabağ" və "Araz-Naxçıvan" - "Sabah" oyunlarında isə qonaq komanda bir topla qalib gəlib.

 

Orta məhsuldarlığın 0,83 olması son 10 mövsüm üçün antirekorddur. Daha aşağı göstəriciyə sonuncu dəfə 2016/2017 mövsümünün II turunda təsadüf olunub. 2016-cı il avqustun 11-14-də keçirilən 4 qarşılaşmada cəmi 3 qol vurulub. Həmin vaxt orta göstərici 0,75 olub. Maraqlı məqam odur ki, indiki kimi avqusta təsadüf edən qarşılaşmalardan üçündə 10 il sonra da üz-üzə gələn cütlər olub. "Sumqayıt" – "Qarabağ" (0:2) və "Neftçi" – "Zirə" (0:1) oyunlarında 10 il əvvəl də eyni komandalar qalib gəlmişdisə, "Qəbələ" – "İnter" (indiki "Şamaxı") qolsuz başa çatıb. "Kəpəz"lə AZAL-ın duelində də qol qeydə alınmayıb.

 

III turun daha bir diqqətçəkən məqamı 6 oyundan 5-nin 1:0 hesabı ilə başa çatmasıdır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövrdə bir turda 5 matç 1:0 nəticələnməyib. Bu müddətdə 10 dəfə turun dörd qarşılaşmasının taleyini bir top həll edib. Hətta bunun ikisi ötən mövsüm 6 matçdan ibarət turlarda qeydə alınıb.

 

2023/2024 mövsümünün sonuncu – XXXVI turunda isə indiki kimi bir görüş fərqli nəticələnib. Baş tutan 5 oyundan 4-ü 1:0, biri digər hesabla yekunlaşıb. 2024-cü il mayın 25-26-da keçirilən turda "Sumqayıt" "Qəbələ"yə, "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Kəpəz"ə evdə, "Sabah" "Neftçi"yə səfərdə 1 qolla qalib gəlib.

 

Yalnız "Araz-Naxçıvan" – "Qarabağ" duelində (2:2) hesab fərqli olub.