"Barselona" 16 yaşlı mərkəz müdafiəçisi Maykl Bazanın transferi ilə bağlı "Hamburq"la razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.
Kataloniya klubu yeniyetmə oyunçu ilə 2029-cu ilə qədər müqavilə imzalayacaq. Futbolçunun yaşına görə "Barselona" daha uzunmüddətli müqavilə bağlaya bilmir. Tibbi müayinə və sənədlərin imzalanması bu günə planlaşdırılır.
Baza "Barselona"nın U-19 və B komandalarında oynayacaq. Klub gənc müdafiəçini tədricən böyüklər komandasına hazırlamağa ümid edir.
Transferin maliyyə şərtləri hələ açıqlanmayıb. Ancaq "Mundo Deportivo" nəşrinin məlumatına əsasən "Hamburq" oyunçu üçün 250.000 avro və bonuslar almağı gözləyirdi. "Barselona" isə daha az məbləğ ödəyəcək.
Baza "Bavariya" və Almaniya millisinin müdafiəçisi Conatan Tahın əmisi oğludur. 16 yaşlı futbolçu sol ayaqlı mərkəz müdafiəçisidir və boyu 1,93 metrdir. Keçən mövsüm o, "Hamburq"un U-17 və U-19 komandalarında 17 oyun keçirib və dörd qol vurub. Bu mövsüm Baza Almaniya klubunun ikinci və U-19 komandasının hər birində bir oyuna çıxıb.