Misli Premyer Liqasında III turun bütün oyunları geridə qaldı.

Bu dəfə rəqəmlər bir qədər təəccübləndirdi: altı qarşılaşmada cəmi beş qol vuruldu. Deməli, komandalar hücum futbolundan çox nəticəyə fokuslandılar. Bəzi görüşlərdə bunun səbəbi taktiki ehtiyatlılıq idisə, bəzilərində mövsümün hələ başlanğıcında olmağımız özünü göstərdi.

Amma turun əsas hadisəsi təkcə qolların azlığı deyildi. Gəncədə yeni stadionun ilk oyunu, "Qəbələ"də baş məşqçi dəyişikliyi, "Zirə"nin liderlər duelində qələbəsi və "Qarabağ"ın 10 nəfərlə qazandığı üç xal III turu yadda qalan etdi.

"Qəbələ" – "Şamaxı" – 0:0

Turun açılış qarşılaşması Qəbələdə keçirildi və meydan sahibləri nəhayət qələbə qazanmaq istəyirdi. İlk iki turda məğlub olan "Qəbələ" üçün bu görüş artıq adi çempionat oyunu deyildi. Komandanın üç xal ehtiyacı açıq-aşkar hiss olunurdu. Lakin "Şamaxı"nın müqavimətini qırmaq mümkün olmadı və qarşılaşma qolsuz başa çatdı. Bu nəticədən sonra klub rəhbərliyi baş məşqçi Kaxaber Sxadadze ilə yolları ayırmaq qərarına gəldi. Beləliklə, "Qəbələ"də mövsümün əvvəlində artıq məşqçi dəyişikliyi baş verdi. İndi əsas sual yeni çalışdırıcının komandanı necə toparlayacağı və "Qəbələ"nin mövsümə yenidən necə başlayacağıdır.

"Kəpəz" – "Turan Tovuz" – 1:0

Bəlkə də turun ən xüsusi oyunu Gəncədə keçirildi. "Kəpəz" yeni stadionunda ilk rəsmi matçına çıxdı və bu tarixi günü qələbə ilə qeyd etdi. "Turan Tovuz" isə qonşu şəhərdən əliboş qayıtdı. Əslində, qərb derbisinin özü də kifayət qədər maraqlı qarşılaşma idi və "Kəpəz"in minimal hesablı qələbəsi oyunun bütün mənzərəsini tam ifadə etmir. Amma nəticə etibarilə meydan sahibləri həm üç xal qazandılar, həm də yeni stadionda gözəl başlanğıca imza atdılar. "Turan Tovuz" üçün isə artıq mövsümün əvvəlindən müəyyən suallar yaranır. Çempionluq iddiası olan komandanın daha sabit və inamlı futbol nümayiş etdirməsi lazımdır.

"Zirə" – "Neftçi" – 1:0

III turun ən çox diqqət çəkən görüşlərindən biri liderlərin qarşılaşması idi. Hər iki komanda əvvəlki iki turda maksimum nəticə toplamışdı və bu səbəbdən görüş bir növ ilk ciddi sınaq xarakteri daşıyırdı. Sonda qalib gələn "Zirə" oldu. "Qartallar" minimal hesablı qələbə ilə həm üç xal qazandı, həm də turnir cədvəlinin zirvəsindəki mövqeyini qorudu. "Neftçi" isə ilk dəfə mövsümdə məğlubiyyətlə üzləşdi. Bu nəticə "ağ-qaralar"ın əvvəlki iki turdakı böyükhesablı qələbələrindən sonra fərqli sınaqla üzləşdiyini göstərdi. "Zirə"nin isə belə rəqiblərlə oyunlarda nəticə qazanması onun mövsüm ərzində iddialı ola biləcəyini göstərən məqamlardandır.

"Şəfa" – "İmişli" – 0:1

Turun autsayderlər arasında mübarizə kimi qiymətləndirilə biləcək görüşündə "İmişli" səfərdə vacib üç xal qazandı. Qarşılaşmanın yeganə qolu oyunun taleyini həll etdi. Belə matçlarda qazanılan hər xal xüsusilə mövsümün sonunda çox böyük əhəmiyyət daşıya bilər. "Şəfa" üçün isə xal itirmək arzuolunan nəticə deyil. Buna baxmayaraq, komandanın elitadakı ilk mövsümündə hələ qarşıda kifayət qədər oyun var. "İmişli" isə bu qələbə ilə autsayderlər mübarizəsində öz sözünü deməyə hazır olduğunu göstərdi. Görünən odur ki, aşağı pillələrdə də mövsüm boyu maraqlı rəqabət olacaq.

"Araz-Naxçıvan" – "Sabah" – 0:1

"Sabah" üçün bu oyunun bir qədər fərqli əhəmiyyəti var idi. Azərbaycan çempionu bir neçə gün əvvəl UEFA Çempionlar Liqasında tarix yazmış, Liqa mərhələsinə yüksəlmişdi. Belə uğurdan sonra daxili çempionatda meydana çıxmaq və yenidən tam konsentrasiya olmaq heç də asan deyil. Amma "Sabah" bu sınaqdan nəticə baxımından uğurla çıxdı və Naxçıvanda minimal hesablı qələbə qazandı. Bu qarşılaşmada komandadan parlaq futbol gözləməkdənsə, üç xalın əldə olunması daha vacib idi. "Sabah" da əsas vəzifəsini yerinə yetirdi. "Araz-Naxçıvan" isə yeni mövsümdə oyununu bir qədər dəyişməli, xüsusilə hücumdakı problemlərin üzərində işləməlidir.

"Sumqayıt" – "Qarabağ" – 0:1

Turun son oyunu isə bütün diqqətləri Sumqayıta yönəltdi. "Qarabağ" qarşılaşmanın böyük hissəsini azlıqda keçirməinə baxmayaraq, meydandan üç xalla ayrıldı. Kadi Borgesin qırmızı vərəqəsindən sonra vitse-çempionun işi daha da çətinləşdi. Belə vəziyyətdə komandanın nəticəni qoruması və qələbə qazanması xarakter baxımından xüsusi qeyd olunmalıdır. "Sumqayıt" say üstünlüyündən yararlanaraq hesabı dəyişə bilmədi. "Qarabağ" isə çətin şərtlərdə minimal qələbə əldə etməklə mövsümün əvvəlində vacib üç xal götürdü. Bəzən böyük qələbələr çox qolla yox, məhz belə ağır oyunlarda qazanılan bir qolla yadda qalır.

Beləliklə, III turda altı oyuna cəmi beş qol düşdü. Amma qolların azlığı turun maraqsız keçdiyi anlamına gəlmir. Əksinə, bu tur bizə yeni stadionun sevincini, məşqçi dəyişikliyini, liderlərin ilk ciddi sınağını və azlıqda qalan "Qarabağ"ın xarakterini gördük. Mövsüm hələ təzəcə başlayıb və komandaların real gücünü müəyyənləşdirmək üçün qarşıda uzun marafon var.