Misli Premyer Liqasının III turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"ın qonağı olan "Sabah" 1:0 hesablı qələbə qazanıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikirlərini bildirib:
"Bu gün bizi necə bir oyunun gözlədiyini bilirdik, çünki avrokubok matçından sonra bu qədər vacib qarşılaşma, bu qədər emosiya və əlavə vaxtdan sonra asan olmayacağını anlayırdıq. Üstəlik, oyundan əvvəl yağan çox güclü yağış da matça təsir etdi. Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik, çünki həddindən artıq yağış yağmışdı. Amma ümumilikdə, komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım. Hesab edirəm ki, birinci hissənin tamamında və ikinci hissənin böyük hissəsində üstünlük bizdə idi. Ardıcıl olaraq təhlükəli məqamlar yaradırdıq. Bəli, bəlkə hücumlarımızın son mərhələsində, xüsusən rəqibin cərimə meydançasında bir az kəsərlilik çatışmırdı. Lakin ümumilikdə daha yaxşı oynayan tərəf idik və bu qələbəyə layiq idik. Bəli, qol qapıçının səhvindən sonra bir az qəribə alındı, amma qol qoldur. Əgər qapını toxunulmaz saxlayıb qol vura bilirsinizsə, həmişə qalib gələcəksiniz. Oyunun sonlarında, xüsusən bu gün olduğu kimi 1:0 kimi kiçik üstünlüyünüz olduqda, rəqib nəsə etməyə çalışır və biz bir neçə səhvimizə görə cəzalandırıla bilərdik. Bəxtimizdən bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. Amma yenə də inanıram ki, sərgilədiyimiz oyunla bu qələbəyə tam layiq idik. İndi ən vacibi yenidən Bakıya qayıdıb, növbəti oyuna hazırlaşmaqdır.
Etməli olduğumuz şey yalnız növbəti oyuna fokuslanmaqdır. Şadam ki, bu gün yenə 3-4 mövqedə rotasiya etdik. Mövsümün əvvəlində çox şans qazanmayan oyunçulara bir az daha çox dəqiqə verdik. Deməli, hər şey plana uyğun getdi və indi irəli baxmaq, növbəti oyuna hazırlaşmaq vaxtıdır".