"Neftçi"nin yarımmüdafiəçisi Andrey Ştoqrin Sport24.az saytına müsahibə verib.

- Premyer Liqanın 12-ci turunda "Araz-Naxçıvan" üzərində 3:1 hesablı qələbə qazandız. Oyunla bağlı fikirlərini bölüşərdin... 
- Yaxşı oyun alındı, rəqib də zəif deyildi. "Araz-Naxçıvan" turnir cədvəlində sonuncu pillədə olsa da, yaxşı komandadır. Onların öz məqsədləri var, bizim öz. Hədəfimiz məlumdur. Hamı bilir ki, çempionluq uğrunda mübarizə aparırıq. Qələbə üçün gəlmişdik, istəyimizə çatdıq və buna görə çox şadıq.

- Uzun müddətdən sonra bu matçda əsas heyətdə meydana çıxdın. Bu, sənin üçün gözlənilməz olmadı?
- Deməzdim. Ümumilikdə hər zaman məşqlərdə tam gücümlə çalışıram. Tək mən yox, hər bir futbolçu əsas heyətdə yer almaq üçün əlindən gələni edir.

- Necə düşünürsən, start heyətində yer almağın davamlı olacaq?
- Qərarı məşqçi verir. Sağ olsun, "Araz-Naxçıvan"la görüşdə bu imkanı yaratdı. Mən də hər zaman əlimdən gələni edirəm ki, komandama kömək olum.

- Yenidən turnir cədvəlində zirvəni ələ keçirdiz. Demək olar ki, "Neftçi" əmin addımlarla ən azı qış çempionluğuna gedir?
- Dediyim kimi, "Neftçi"nin hədəfi hər kəsə məlumdur. Lakin indi bu barədə çox düşünmürük. Oyundan oyuna irəliləyirik. Təbii ki, məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, liderliyimizi sona qədər davam etdirək.

- Ümumiyyətlə, liderlik üzərinizdə əlavə təzyiq yaradır?
- Xeyr, hər hansı təzyiqdən söhbət gedə bilməz. Əksinə, bu, bizi daha da çox motivasiya edir.

- Növbəti turda ilk dövrədə məğlub olduğunuz "Zirə" ilə üz-üzə gələcəksiz. Həmin matçdan gözləntilərin...

- Bəli, ilk dövrədə yeganə məğlubiyyətimizi "Zirə"dən almışıq. Həmin matçda ümumiyyətlə, zəif çıxış etmişdik. Çalışacağıq ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirək və qələbə qazanaq.

- Artıq 3 mövsümdür ki, "Neftçi"dəsən. Hazırkı heyəti son 3 ilin ən güclüsü hesab etmək olar? 

- Məncə, hazırkı heyət daha yaxşı balanslaşdırılıb. Həm də nəticələr özü hər şeyi deyir. Nəsə əlavə etməyə ehtiyac yoxdur. Düşünürəm ki, azarkeşlər də, futbolçular da, məşqçilər də, rəhbərlik də hazırkı durumdan məmnundurlar.