Misli Premyer Liqasının XII turunda yeni tamaşaçı rekordu qeydə alınıb.

"Kəpəz" – "Qarabağ" qarşılaşmasını izləmək üçün Gəncə şəhər stadionuna 15 500 azarkeş gəldiyi açıqlanıb. Rəqəm kifayət qədər diqqətçəkəndir. Gəncədə futbol sevgisinin, azarkeş marağının yüksək olması da mübahisə doğurmur. Amma bir detal var ki, bu rekordun ətrafında suallar yaradır.

Peşəkar Futbol Liqasının rəsmi saytında Gəncə şəhər stadionunun tutumu 15 464 yer göstərilib. Yəni açıqlanan tamaşaçı sayı stadionun rəsmi tutumunu 36 nəfər üstələyir. İndi ortaya sadə, amma cavab tələb edən sual çıxır: bu 15 500 nəfər harada əyləşib?

Oyunun AFFA nümayəndəsi İlham Əliyev olub. Məlum olduğu kimi, stadiona satılan biletlərin sayı barədə məlumatı klub təqdim edir. Deməli, rəqəmi "Kəpəz" açıqlayıb. Bəs bu məlumat hansı əsasla hesablanıb? Klub stadionun tutumunu PFL-in saytındakı göstəricidən fərqli hesablayır, yoxsa əlavə yerlər yaradılıb?

Bir neçə ehtimal var. Ya stadionun tutumu rəsmi məlumatda düzgün göstərilməyib, ya satılan biletlərin sayı hesablanarkən hansısa yanlışlığa yol verilib, ya da AFFA nümayəndəsinə təqdim olunan rəqəm reallığı əks etdirmir. Əlbəttə, bir ehtimalı da kənara qoymayaq: bəlkə də Gəncədə tribunalar rezindəndir, ehtiyac yarananda genişlənir, əlavə oturacaqlar peyda olur?

Əgər belədirsə, bunu da açıqlasınlar. Səyyar oturacaqlar quraşdırılıbsa, 15 500 rəqəmi hansı metodla hesablanıb? Yox, belə bir şey olmayıbsa, onda rəsmi stadion tutumundan artıq tamaşaçı sayının necə qeydə alındığı izah edilməlidir.

Bir daha vurğulayaq: Gəncədəki azarkeş atmosferinə sözümüz yoxdur. Əksinə, dolu tribunalar Azərbaycan futbolunun görmək istədiyi mənzərədir. Ancaq azarkeş marağını şişirdilmiş və ya izahı olmayan rəqəmlərlə təqdim etməyə ehtiyac yoxdur. Rekord qeydə alınıbsa, onun rəqəmi də dəqiq olmalıdır.

Əgər Gəncədə həqiqətən 15 500 nəfər olubsa, buyurun, bunu izah edin. Yox, rəqəm səhvdirsə, onu düzəldin. Futbol meydanında hesab tablosu nə qədər vacibdirsə, tribunadakı tamaşaçı sayında da dəqiqlik bir o qədər vacibdir.