"Oyun bizim üçün asan keçdi. Daha çox qol vura bilərdik. Növbəti oyunlarda daha çox fərqlənməyə çalışacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin futbolçusu Sərxan Ağayev deyib.

Təcrübəli futbolçu "Göygöl" üzərində qələbəni şərh edib:

"Bizim üçün əsas hədəf çempionluqdur. Mənim və ya digər futbolçuların qol vurmağının fərqi yoxdur. Əsas komandamız qələbə qazansın. İnşallah, mövsüm sonunda komanda şəklində çempionluğu qeyd edəcəyik".

Hücumçu "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi seçiləcəyini gözləmədiyini bildirib:

"Vurduğum qolun oktyabr ayında "ayın qolu" seçiləcəyini gözləmirdim. Səs verənlərə təşəkkür edirəm. Bundan sonra da, çalışacağıq növbəti aylarda "ayın qolu"nda "Xankəndi"nin futbolçusu seçilsin. Aldığım mükafata gəldikdə isə, komandamıza qonaqlıq söz vermişəm. Onları bir araya yığıb, məbləğin müəyyən miqdarını həmin qonaqlıqda xərcləyəcəm".

Qeyd edək ki, oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 9-cu turun "Xankəndi" - "Göygöl" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.