"Qarşıdakı oyuna köklənirik. Fikirlərimiz ancaq "Qəbələ"ylə matçadı ki, yaxşı oynayaq və xallarımızı götürək. Çünki özünüz də görürsünüz ki, hər komanda güclənib. Ona görə hər bir xal qızıl xal kimi sayılır bizim üçün". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in icraçı-direktoru Fərəc Əliyev deyib.

Məlumdu ki, Misli Premyer Liqasında VIII tur məhz "dənizçilər"in matçıyla start götürəcək. "Qəbələ"ni sabah qonaq edəcək Mahmud Qurbanovun komandası bununla da ardıcıl 3-cü ev matçına çıxacaq. Son 2 ev oyununda "Zirə"yə (1:2) və "Neftçi"yə uduzan "Səbail" 5 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Əliyevin sözlərinə görə, bu qarşılaşmalarda məğlubiyyətə layiq olmayıblar: "Zirə"ylə matçda da komandamız yaxşı təsir bağışladı, "Neftçi"yə qarşı da pis çıxış eləməyib. Hakimlərin səhvləri də olub. "Neftçi"nin qapısına yol tapdıq, mənə görə, o təmiz qol idi. İndi elə alındı ki, sayılmadı. Amma ümumilikdə, komandamız pis çıxış eləmir. Futbolda olan şeydi ki, bir komanda uduzur, digəri udur".

İcraçı-direktor hazırkı xal sayına görə bədbiliyə qapılmadıqlarını vurğulayıb: "Cəmi 7 tur keçib, demək olar bütün çempionat hələ qabaqdadı. Hələ çox oyunumuz var. Allah qoysa, kökləndiyimiz "Qəbələ"ylə matçda yaxşı nəticə əldə edə bilərik. Məncə, keçmiş oyunlarımızı yaddan çıxarmalıyıq. Buna görə onu fikirləşmirik ki, "Neftçi"yə, yaxud "Zirə"yə yenildik, "Sabah"la heç-heçə elədik. Onlar qaldı keçmişdə, indi gələcək haqda fikirləşmək lazımdı. Buna görə də tam hazırlıq prosesindəyik. İnşallah, baxaq görə nəticəsi necə olacaq".

Klub rəsmisi baş məşqçini dəstəklədiklərini diqqətə çatdırıb: "Əlbəttə, belədi, belə də olmalıdı. O, iki legioneri əvəzedici komandaya göndərib. Onlar orda məşq edirlər. Baş məşqçinin hər bir qərarını dəstəkləyirəm".

Əliyev heyətlə bağlı dəyişikliklər üçün qış fasiləsini gözləməyi daha məqsədəuyğun sayır: "Qış transfer dövründə heyətimizi bir az da gücləndirməliyik. Amma indi bunu eləmək çətin olar. Özünüz da başa düşürsünüz ki, hazırda klubsuz olan yaxşı futbolçu tapmaq çətindi hər halda. Baş məşqçi bununla bağlı qərar versə, kimisə təklif eləsə, istəsə, onda onu götürməyə hazırıq. İndi hələ ki onu da fikirləşmirk ki, kiminləsə müqaviləni pozaraq yollarımızı ayıraq. Baş məşqçinin qərarından asılıdı".

Xatırladaq ki, 49 yaşlı Qurbanov bu yay fasiləsində "Səbail"in baş məşqçi postuna gətirilərək onunla 2 illik müqavilə imzalanıb. 

 

MEHMAN SÜLEYMANOV