Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində “Zirə”yə səfərdə 0:1 məğlub olan “Neftçi”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.


- Oyunda ən üzüldüyüm an qol buraxdığımız epizoddu. İki təhlükə gözləyirdim: standart vəziyyət və buraxdığımız qol. Bu cür anı futbolçulara 10 dəfə göstərmişəm. Hətta oyuna çıxarkən də təkrarladım ki, bu epizoda hazır olun. Günahkarlar var, 2-3 futbolçu var ki, onlara əsəbiyəm. Başlıca tapşırıq məhz belə səhvə yol verməmək idi. Rahat formada oynayıb, qol imkanları yaradıb, oyunu udmaq lazım idi. Çox üzüldüm.


- Ardıcıl 4 oyundu ki, “Neftçi” rəhbərliyiniz altında “Zirə”nin qapısına yol tapa bilmir...
- Plan belə idi ki, oyuna orta tempdə başlayaq. Tədricən təzyiqi artırmalı idik. Bunu da həyata keçirirdik. Ancaq qol buraxdıqdan sonra hər şey alt-üst oldu.


- Ahmed Ahmedov tam istədiyiniz forvarddı?
- Seçimimiz müəyyən çərçivə daxilindədir. İmkanlarımız daxilində olanlar arasında ən yaxşısı Ahmeddi.