"Hər iki komanda bir-birinə layiqli rəqib idi. Qarşılaşmanın ilk hissəsində "Sabah" daha üstün matç nümayiş etdirdi". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Çexiya "Slaviya"sını məğlub etdiyi matçla bağlı fikirlərini bölüşüb:

"Təmsilçimiz bu müddətdə güclü pressinq tətbiq edir, rəqibə rahat oynamağa imkan vermirdi. İkinci hissədə, təmsilçimiz qol vurduqdan sonra isə "Slaviya" təşəbbüsü ələ alaraq daha üstün peformans sərgilədi. Statistik göstəricilərə nəzər saldıqda, qarşılaşmanın, demək olar ki, bərabər səviyyədə keçdiyini söyləmək mümkündür. Hər iki komanda meydanda öz oyun üslubunu nümayiş etdirməyə çalışırdı. Bununla belə, "Sabah" yaratdığı qol imkanlarından maksimum istifadə etməklə qələbəni rəsmiləşdirdi. Digər vacib məqam isə komandanın fiziki hazırlığı ilə bağlı idi. "Sabah"ın futbolçuları 90 dəqiqə ərzində fiziki güclərini düzgün bölüşdürə bildilər. Bu da futbolçuların qarşılaşmanın müxtəlif  mərhələlərində rəqabət aparmasına və qarşılaşmanın tempinə uyğunlaşmasına kömək etdi. Ümumilikdə, hər iki komandanın üstün olduğu məqamlar olsa da, "Sabah"ın kreativ oyunu, pressinqi və qol imkanlarından istifadə etmək bacarığı ilə diqqət çəkdi".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Slaviya" görüşü Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.