"Slaviya" üzərindəki qələbə Çempionlar Liqasında ilk qələbəmiz olduğu üçün bizim üçün tarixi nəticədir". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu İvan Lepinitsa deyib.
Yarımmüdafiəçi yayımçı telekanala komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandası üzərindəki qələbəsini şərh edib:
"Qarşılaşma fiziki mübarizə baxımından olduqca gərgin idi. Rəqib də fiziki cəhətdən çox güclü komandadır və uzun ötürmələrlə oynamağı sevir. Buna baxmayaraq, matça yaxşı nəzarət etdik və oyun planımıza sadiq qalmağa çalışdıq. İkinci hissədə ilk yarı ilə müqayisədə daha kəsərli hücumlar qurduq və nəticədə iki qol vurmağı bacardıq. Bilirdik ki, rəqib bizi müdafiə mövqeyimizdən irəli çəkməyə, daha sonra isə müdafiənin arxasına uzun toplar göndərməyə çalışacaq. Bu baxımdan ən vacib məqam ikinci toplar uğrunda mübarizə idi. Fikrimcə, heç də pis təsir bağışlamadıq. Xüsusilə mərkəz müdafiəçilərimizin performansını qeyd etmək istərdim. Onlar çox yaxşı oynadılar. Bu qələbə bizə böyük motivasiya verir və qarşıdakı görüşlərə daha inamlı hazırlaşmağımıza kömək edəcək. Ən yaxşı oyunumuzu göstərməsək belə, qələbə qazana bildik. Bu da komandanın potensialının göstəricisidir. Qarşıdakı matçlarda daha yaxşı çıxış edə və Çempionlar Liqasında daha çox xal toplaya bilərik".
Qeyd edək ki, ötən gün "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiya "Slaviya"sı üzərində 2:0 hesabı ilə qələbəyə sevinib.