"Əsas səbəb fikir ayrılığı oldu. Heç şübhəsiz ki, nəticələrin də bu məsələdə rolu var. Amma bu, yeganə səbəb deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin keçmiş baş məşqçisi Fərid Namazov deyib.
Mütəxəssis komandadan ayrılmasının səbəblərindən danışıb:
"Vəziyyəti yalnız nəticələrlə əlaqələndirmək düzgün olmazdı, çünki burada başqa amillər də rol oynayıb. Nəticələrə gəlincə, biz yalnız öz rəqiblərimizdən "Qəbələ"yə məğlub olmuşuq. Digər matçlarda yaxşı mübarizə aparsaq da, təəssüf ki, istədiyimiz xalları qazana bilmədik. Bəzi qarşılaşmalarda yaxşı çıxış etməyimizə baxmayaraq, bunu nəticəyə çevirməkdə çətinlik çəkdik. Ümumilikdə, təqvimimiz də bir qədər ağır oldu və bu da müəyyən mənada təsirini göstərdi. Son üç turda "Neftçi", "Sabah" və "Qarabağ"la qarşılaşdıq. Düzdür, matçların hamısında məğlub olduq, amma oyun planında heç də zəif çıxış etdiyimizi düşünmürəm. Mübarizə apardıq, yüksək performans göstərməyə çalışdıq. Təəssüf ki, bunu nəticələrdə əks etdirə bilmədik. Ümumilikdə, son yeddi turda qarşılaşdığımız rəqiblərdən dördü — "Zirə", "Neftçi", "Sabah" və "Qarabağ" - ilk "dördlük" uğrunda mübarizə aparan komandalardır. Bu da təqvimimizin kifayət qədər çətin olduğunu göstərir. Fikrimcə, komandanın çıxışını yalnız nəticələrə əsasən qiymətləndirmək doğru olmaz".
Qeyd edək ki, Fərid Namazov cari mövsümün əvvəlində Premyer Liqa klubunun baş məşqçisi təyin olunmuşdu.