"Yuventus" Kriştiano Ronaldoya 9,8 milyon avro ödənilməsi barədə qərara qarşı Kassasiya Məhkəməsinə şikayət ərizəsi verib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport"un məlumat yayıb.

 

2024-cü ilin aprelində arbitraj məhkəməsi Turin klubunun portuqaliyalı futbolçuya ödənilməmiş əməkhaqqı qismində 9,8 milyon avro (tələb olunan məbləğin yarısı) ödəməsi barədə qərar çıxarmışdı. Sonradan Turin Məhkəməsi "Yuventus"un şikayətini rədd edərək həmin qərarı qüvvədə saxlamışdı.

 

İndi isə klub Kassasiya Məhkəməsinə müraciət edib və məhkəmə iclasının tarixini gözləyir.

 

Qeyd edək ki, məsələ koronavirus pandemiyası dövrünə təsadüf edir. Həmin vaxt "Yuventus" böhrandan çıxmaq məqsədilə futbolçularla bir neçə aylıq maaşdan formal olaraq imtina etməyə dair razılıq əldə etmişdi. 2021-ci ildə "Yuventus" rəhbərliyi Ronaldo ilə onun vergilər çıxılmamış əməkhaqqının qalan hissəsi olan 19,5 milyon avronun təxirə salınmış qaydada ödənilməsini nəzərdə tutan sənəd imzalamışdı. Lakin bu məbləğ klubun maliyyə hesabatlarında əks olunmamışdı. Bundan əlavə, portuqaliyalı futbolçu 2021-ci ilin yayında "Mançester Yunayted"ə keçdiyi üçün həmin ödəniş heç vaxt həyata keçirilməmişdi.