Premyer Liqamızda cari mövsümdə əcnəbi baş məşqçisi olan yeganə klub "Sabah" idisə, artıq onda da bu post yerli mütəxəssisə tapşırılıb. Belə ki, ispaniyalı Visente Qomezlə müqaviləsinə xitam verən paytaxt təmsilçisi bunadək idman direktoru olan Ramil Quliyevə cari mövsümün sonunadək baş məşqçi vəzifəsini həvalə edib. "Sabah" 3 aydan artıq gözlədiyi qələbəni məhz bu gənc mütəxəssislə qazandı. Klub prezidenti Maqsud Adıgözəlov Sport24.az-a müsahibəsində baş məşqçi və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.
- 44 günlük müharibə zamanı bir Gəncə sakininin işlətdiyi ifadə dillərə düşdü. Həmin kəlmədən bəhrələnərək, belə bir sualla başlayaq: “Sabah” qızışıyor”?
- Komandanın turdan-tura oyununu təkmilləşdirməsi müsbət haldır. İnanıram ki, bu, qarşıdakı oyunlarda da davam edəcək.
- Turnir cədvəlinə real yanaşsaq, “Avrokubok qatarı”nın getdiyini yəqin ki, siz də etiraf edərsiniz. Belə bir vəziyyətdə komandanı nə ilə ruhlandırmaq, stimullaşdırmaq mümkündü?
- Komandanı nə iləsə ruhlandırmaq, stimullaşdırmaq üçün səbəb görmürəm. “Sabah”da peşəkar futbolçular çıxış edir. Hər bir futbolçu komanda üçün sona kimi mübarizə aparmalı olduğunu yaxşı bilir. Düşünürəm ki, avrokuboklara vəsiqə şansının qalıb-qalmaması onların oyunlara motivasiyasına təsir etməyəcək.
- Ramin Quliyev bu tempi qoruyacağı təqdirdə komandanın “sükanı arxası”nda qalmaq ehtimalı nə dərəcədə realdır? Yoxsa klubun strategiyası belədir ki, kollektiv mütləq əcnəbiyə tapşırılacaq?
- Ramin Quliyev hazırda komandanın baş məşqçisidir. Əlbəttə, onun komandada qalmaq ehtimalı realdır.
- “Sabah”ın seleksiya işləri yetərincə uğurlu olsa da, nəticələr ürəkaçan deyildi. Məşqçi dəyişikliyindən sonra bu çatışmazlıq da aradan qalxıb. Nəticəni yox, sərgilənən şirin futbolu nəzərdə tuturuq. Belədə, ortaya sual çıxır: kollektivi qorumaq prioritet məqsəd olacaq, yoxsa futbolçulara “qeyri-kafi” yazaraq, növbəti mövsümdən yeni komanda qurulacaq?
- Biz bir çox futbolçu ilə uzunmüddətli müqavilə bağlamışıq. Digər oyunçularla bağlı qərar vermək üçün hələ vaxtımız var. İndi bizim üçün əsas olan çempionatın qarşıdakı oyunlarıdır.
- Ramil Şeydayevlə növbəti mövsüm üçün hansısa formada danışıq aparılıbmı?
- Hazırda Ramil də bütün komanda kimi yalnız qarşıdakı oyunlara köklənib. Fikrimcə, bu məsələni müzakirə etmək üçün hələ vaxtımız var.
- Qışda Bəhlul Mustafazadənin icarə müqaviləsi məlum səbəblərdən baş tutmadı. Yayda ölkə xaricindən təklif gələcəyi təqdirdə, istər Mustafazadə olsun, istərsə də digər azərbaycanlı futbolçunuz, yanaşmanız necə olacaq?
- Təklif hər 3 tərəfin maraqlarına uyğundursa, əlbəttə yanaşmamız müsbət olacaq.
- Ozan Can Kökçünü izləyirsinizmi? Hollandiya təmsilçisi cinah yarımmüdafiəçisinin transferi ilə bağlı klubunuza hər hansı formada müraciət etməyib? Ümumiyyətlə, Ozanın taleyi necə olacaq?
- Ozanın çıxışını yaxından izləyirik. Kökcü bizim futbolçudur və icarə müddəti bitdikdə klubun düşərgəsinə qayıdacaq. Hələ ki, onunla bağlı hansısa təklif olmayıb.
- İdman direktoru postuna təyinat yaxın zamanda baş tutacaqmı, yoxsa mövsümün sonunadək vakant qalacaq?
- Hazırda bu posta təyinat nəzərdə tutulmayıb.
CEYHUN ƏLİYEV