"Sabah"ın adının mənası növbəti gün, gələcək deməkdir və klub "Bridge company" şirkətlər qrupuna aiddir". Sport24.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Match TV"yə geniş müsahibəsində deyib.

39 yaşlı rusiyalı mütəxəssis paytaxt təmsilçisinin sükanı arxasına keçməklə bağlı ilk dəvəti "İctimai Televiziya"nın baş direktoru Balaş Qasımovdan aldığını bildirib: "Bir neçə dəfə "Zoom" proqramı vasitəsilə söhbətimiz oldu. Sonra komandanın oyunlarından birini izləmək üçün Bakıya uçdum. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və baş direktoru Ramin Həsənovla tanış oldum. Amma ilk dəvət tanınmış ekspert Balaş Qasımovdan gəlib".

Musayev Qasımovla əvvəllər heç bir tanışlığının olmadığını söyləyib: "Zəng etdi, "Krasnodar"a həmişə rəğbət bəslədiyini dedi. Daha sonra "Sabah" kimi bir layihənin mənə maraqlı olub-olmamasını dəqiqləşdirdi. Görünür, klub prezidenti ilə dostdur və bu komandaya azarkeşlik edir. Bir az fikirləşdim, amma eyni zamanda “Sabah”ın harada oynadığını və məşq etdiyini gördüm, şəhərə göz gəzdirdim. Və sonda razılıq verdim. Düzünü desəm, Qasımov mənim cavabıma xeyli təsir göstərdi".

Murad Oleqoviç onu da bildirib ki, Qasımov onu “Nə? Harada? Nə zaman?” intellektual oyunları ilə bağlı həm Bakıya, həm də Moskvaya dəvət edib: "Hələ vaxtım olmayıb. Amma yaxın vaxtlarda təklifə məmnuniyyətlə cavab verəcəm".

Qeyd edək ki, Musayev ötən ilin oktyabrından başçılıq etdiyi "Sabah"la 2 illik müqavilə imzalayıb.