UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər yenilənib. Sport24.az-ın məlumatına görə, "Sabah" və onun futbolçuları bir neçə göstəricidə ön sıralarda qərarlaşıb.

Belə ki, "bayquşlar" təsnifat mərhələsinin ən məhsuldar komandasıdır. Azərbaycan çempionu turnirdə mübarizəni dayandıran "Eqnatiya" ilə birlikdə 12 qola imza atıb.

"Sabah"ın futbolçusu Velko Simiç isə 5 qolla bombardirlər siyahısına başçılıq edir. Komandanın digər üzvü Timoteuş Puxaç 3 məhsuldar ötürmə ilə bu göstəricidə lider olan dörd futbolçudan biridir.

Coy-Lens Mikels isə qapıya zərbələrin sayında ön sıralardadır. O, 12 zərbə ilə yalnız "Fənərbağça"nın futbolçusu Anderson Talişkadan geri qalır.

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə qarşılaşacaq.