"Sabah" səbrlə və təmkinlə öz oyununu meydanda diktə etməyə çalışırdı və buna da nail oldu. Komanda matçın əvvəlindən sonunadək tələsmədi, planına sadiq qaldı". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinın cavab qarşılaşması çərçivəsinda baş tutan "Sabah" - "Orhus" (Danimarka) görüşü barədə fikirlərini bölüşüb:
"Ən əsası isə sürəti aşağı salmadı və fiziki baxımdan tempi qoruyub saxlaya bildi. Gənc Danimarka klubu belə intensivliyə və "Sabah"ın təcrübəsinə qarşı çoxdavam gətirə bilmədi. İlk qolda buraxılan səhvdən sonra "Orhus" artıq daha çox risk edərək irəli atılmağa başladı ki, bu da təmsilçimizin işinə yaradı. Rəqibin müdafiədə boşluqlar yaratması Dambrauskasın yetirmələrinə daha rahat hücumlar qurmağa imkan verdi. "Sabah" xüsusilə ikinci hissədə oyunun tempini artıraraq üstünlüyü tam şəkildə ələ aldı və rəqibin müdafiəsini ciddi təzyiq altında saxladı. Pley-off mərhələsində isə şansları 50-nin 50-yə hesab edirəm. Qarşıda kifayət qədər güclü rəqib var. İsrail klubu nəhəng Serbiya təmsilçisini mübarizədən kənarlaşdırıbsa, deməli, bunu təsadüfən etməyib və kifayət qədər keyfiyyətli komandadır. "Sabah" üçün asan olmayacaq. Amma indiyə qədərki oyununa və komandanın fiziki-taktiki hazırlığına baxanda, düşünürəm ki, "Sabah"ın da turu keçmək üçün kifayət qədər şansı var".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" pley-off mərhələsində İarail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə qarşılaşacaq.