21 yaşılılar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan – Çexiya matçından (1:1) sonra yığmamızın baş məşqçisi Rəşad Eyubov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər ki, gənc mütəxəssis ilk növbədə qarşılaşma barədə təəssüratlarını bölüşdü:

 

– Gördüyünüz kimi, çox yüksək intensivlikli oyun keçirdik. Futbolçuların bir çoxunun klublarında müntəzəm şans qazanmaması səbəbindən fiziki baxımdan çətinlik çəkəcəklərini hiss edirdim. Əsas odur ki, meydandan sərfəli nəticə ilə ayrıldıq və buna görə çox xoşbəxtəm. İlk matçdan öncə komandaya cəmi 3-4 gün idi gəlmişdim və futbolçuları yaxşı tanımırdım. Bu dəfə isə xüsusilə topsuz oyunu düzgün təşkil edə bildik və maksimumumuzu ortaya qoyduq.

 

– Əsas milli komandaya cəlb olunan gənclər U-21-in heyətində olsaydılar, nəticə fərqli ola bilərdimi?

 

– Bu artıq ehtimallar üzərində qurulan sorğudur, qalib də gələ bilərdik, uduza da. Məsələyə başqa tərəfdən baxmaq lazımdır. Oruc Məmmədov, Edqar Adilxanov, Rəvan Mirzəmmədov və Rüfət Abbasov artıq nümayiş etdirdikləri oyunla əsas milliyə layiq olduqlarını sübut ediblər. Rüfət artıq yığmada çox effektivdir, Edqar debüt etdi, Orucun da tezliklə şans alacağına inanıram.

 

– Seçmə mərhələdə növbəti oyunlardan gözləntiləriniz nədir və əsas hədəf nədir?

 

– Proqnoz verməyi sevmirəm. Bizi qarşıda 3-4 günlük ağır bərpa prosesi gözləyir. İndidən konkret nəticə deyə bilmərəm, əsas məqsəd yaxşı oyun göstərməkdir. Ümumi hədəfimizə gəlincə, tariximizdə U-21 millisinin topladığı ən yüksək xal 9 olub. Bizim məqsədimiz bu rekordu təzələmək və nəticəni daha da yaxşılaşdırmaqdır.

 

– U-20 millimizdən də heyətə dəvət etmək istədiyiniz futbolçular var idi?

 

– Bəli, orada da bəyəndiyimiz oyunçular var. Lakin U-20-ni qarşıda çox vacib turnir gözləyir. Reallığı nəzərə almalı və oyunçu kontingentini düzgün bölüşdürməliyik.

 

– Nəriman Axundzadənin performansından razı qaldınız? O və Ağadadaş Salyanski kimi gəncləri əvəzləyə biləcək yeni adlar varmı?

 

– Nərimanın oyunundan və toplanış zamanı nümayiş etdirdiyi peşəkar yanaşmadan tam razı qaldım. Növbəti oyunlarda da komandaya böyük faydası dəyəcək. Yeni adlara gəlincə, təəssüf ki, hazırda aşağı yaş qruplarında potensiallı futbolçu qıtlığı var, gənclərin sayı çox azdır.

 

– Qapıçı seçimində əsasən nəyə üstünlük verirsiniz? "Sumqayıt"ın qapıçısı Xəyal Fərzullayev niyə iştirak ərizəsinə salınmamışdı?

 

– Əvvəlcə qapıçılar üzrə məşqçimizin fikrini dinləyirəm və məsləhətləşərək optimal variantı seçirik. Xəyala xüsusi simpatiyam var, çox istedadlı qapıçıdır və onu parlaq gələcək gözləyir. Sadəcə bəzi matçlarda taktiki baxımdan digər seçimlərə üstünlük verməli oluruq.

 

– Çempionatda legioner limitinin ləğv olunması aşağı yaş qruplarına necə təsir edir?

 

– Əlbəttə, yerli gənclərin oyun praktiki alması baxımından bu durum bizə mənfi təsir edir. Lakin ümumiyyətlə götürsək, mən süni limitlərin əleyhinəyəm. Çünki meydanda hər zaman ən güclü olan oynamalıdır.