"Geridə qalan 6 turda çox çətin oyunlarımız oldu. Gözlədiyimdən də yaxşı nəticələr əldə etdik. Bəzi matçlarda isə, təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik". Bu sözləri Sport24.az-a "Şamaxı"nın baş məşqçisi Azər Bağırov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasında geridə qalan 6 turunu dəyərləndirib:

"Sevindirici haldır ki, futbolçular üzərlərində daha çox çalışmağa başlayıblar. Artıq müəyyən bir yol keçmişik, oyunçuların özlərinə inamı artıb. Kollektivin 90 faizi komandaya yeni cəlb olunub. Xüsusilə də müdafiə və yarımmüdafiə mövsümlərarası fasilədə yenidən formalaşıb. Bilirik ki, hücumda müəyyən axsamalarımız var. Millilərin oyunlarına görə yaranan fasilədən istifadə edib çatışmazlıqları aradan qaldıracağıq. Uğurlu seroya yaxalamışıq. "Qarabağ"la oyunu çıxmaq şərtilə, komanda 5 turdur məğlub olmur və xal qazanır. Bu məqam məni sevindirir. 20 günlük fasilənin komandaya necə təsir göstərəcəyini növbəti turda biləcəyik".

Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasında 6 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşıb.