"Açığı, hazırda izlədiyimiz oyunlarda konkret və birmənalı favorit göstərmək o qədər də asan deyil. Bəzi komandaları yalnız adlarına, heyət keyfiyyətinə və beynəlxalq arenadakı təcrübələrinə görə kağız üzərində favorit hesab etmək olar. Lakin turnirin gedişatı göstərir ki, meydandakı performansla kağız üzərindəki üstünlük hər zaman üst-üstə düşmür və sürpriz nəticələrin şahidi oluruq". Bu sözləri Sport24.az-a açıqlamasında Rəşad Abdullayev deyib.

 

Veteran futbolçu DÇ-da bu gün keçiriləcək oyunlardan gözləntilərini bölüşüb:

"Kurasao – Fil Dişi Sahili oyununda Afrika təmsilçisi daha güclü və təcrübəli komanda təsiri bağışlayır. Ekvador – Almaniya qarşılaşmasında Almaniya favorit sayılsa da, Ekvadorun intizamlı və mübariz oyununu da nəzərə almaq lazımdır.

 

Yaponiya – İsveç matçında tərəflər bir-birinə münasibdir və nəticəni xırda detallar həll edə bilər. Tunis – Niderland qarşılaşmasında isə Niderland bir addım öndə görünür. Türkiyə – ABŞ oyununa gəlincə, burada da açıq favorit göstərmək çətindir. ABŞ ad və heyət baxımından üstün görünə bilər, amma Türkiyə də rəqibinə ciddi problemlər yarada biləcək potensiala malikdir. Bu səbəbdən həmin oyunda nəticə ilə bağlı qəti fikir söyləmək risklidir.

 

Paraqvay – Avstraliya qarşılaşması da balanslı oyunlardan biridir. Hər iki komandanın şansı var və burada da favoritdən çox, oyunun gedişi və komandaların həmin günkü performansı həlledici rol oynayacaq. Ümumilikdə, bu oyunlarda bəzi komandalar kağız üzərində favorit sayılsa da, məncə heç bir qarşılaşmada tərəflər arasında elə böyük fərq yoxdur ki, nəticəni əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün olsun. Bu da futbolun ən maraqlı tərəflərindən biridir".

Qeyd edək ki,  25 iyundan 26-na keçən gecə saat 00:00-da E qrupunun Kurasao millisi Fil Dişi Sahili ölkəsinin yığması ilə görüşəcək. Eyni saatda Ekvador – Almaniya matçı da başlayacaq.

Saat 03:00-da F qrupunun komandaları - Yaponiya İsveçlə, Tunis Niderlandla oynayacaq.

Saat 06:00-da D qrupunda da iki oyun keçirləcək. Eyni saatda Türkiyə - ABŞ və Paraqvay – Avstraliya oyunu başlayacaq.