"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp "Real"la bağlı diqqətçəkən açıqlama verib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis ABŞ-də təşkil olunan tədbirlərin birində İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib. O, Madrid təmsilçisi barədə verilən suala özünəməxsus zarafatla cavab verib:
"İndi bu suala cavab versəm, indiyə qədər dediyim hər şey qüvvədən düşəcək, ləğv olunacaq".
58 yaşlı çalışdırıcı daha sonra mövzunu uzatmaq istəməyərək "Şərh vermirəm" deməklə kifayətlənib.
Klopp müsahibəsində əsasən Braziliya millisinin yeni baş məşqçisi olan Karlo Ançelottini tərifləyib. O, italiyalı mütəxəssisin Braziliya üçün ideal seçim olduğunu bildirib:
"Əgər braziliyalı olsaydım və məndən milli komanda üçün ən uyğun məşqçinin kim olduğunu soruşsaydılar, tərəddüd etmədən Karlo Ançelottinin adını çəkərdim. O, inanılmaz məşqçidir. Braziliyalılar çox şanslıdırlar".
Alman mütəxəssis həmçinin dünya futbolunda oyun sayının həddindən artıq çox olduğunu vurğulayıb. Bununla yanaşı, dünya çempionatında daha çox ölkənin iştirak etməsinin futbolun inkişafı baxımından müsbət addım olduğunu qeyd edib.