Azərbaycan millisinin futzalçısı Nihad İsmayılov dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqiblər barədə fikirlərini bölüşüb. Bu barədə Sport24.az-a açıqlama verən oyunçu bildirib ki, həm Çexiya, həm də Latviya yığmalarına böyük hörmətlə yanaşmaq lazımdır:

 

"Çexiya son illərdə Avropanın ən stabil və təcrübəli futzal ölkələrindən biridir. Bu komanda nizam-intizamlı oyunu ilə seçilir. Latviya isə son dövrlərdə inkişaf edən yığmalardan biridir. Bununla belə, düşünürəm ki, Azərbaycan millisinin də kifayət qədər təcrübəsi və keyfiyyəti var".

 

Milli üzvü Çexiyanı qrupun favoriti Çexiya millisinin olduğunu da bildirib:

 

"İnşallah, əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq. Hər bir futzalçımız dərk edir ki, burada milli komandanı, bayrağımızı və ölkəmizi təmsil edirik. Komandadakı uşaqlara çox inanıram. Kağız üzərində qrupun favoriti Çexiya sayılsa da, hesab edirəm ki, biz bu qrupdan birinci yerin sahibi kimi çıxmağa qadir komandayıq. Bunun üçün sadəcə öz gücümüzə inanmalıyıq. İnam və istək olan yerdə heç bir rəqibi məğlubedilməz hesab etmək olmaz".

 

Qeyd edək ki, püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Onlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 "ikinci" elit raunda birbaşa vəsiqə əldə edəcək.