​Braziliya millisinin sabiq futbolçusu Ze Roberto "Real"ın və "sambaçılar"ın gənc hücumçusu Endrik haqqında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 51 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə İspaniyanın "Marca" nəşrinə müsahibə verib.

Ze Roberto qeyd edib ki, istedadlı futbolçu Madrid klubunda hələlik özünü tam göstərmək üçün kifayət qədər şans qazanmayıb. Onun sözlərinə görə, gənc oyunçunun daha çox oyun praktikası qazanması inkişafına müsbət təsir göstərir:

"Potensialı olan futbolçuya özünəinam lazımdır. Endrik məhz buna görə inkişaf edir. Düşünürəm ki, yaxın gələcəkdə o, Vinisius Junior və Rafinya kimi Avropanın aparıcı klublarında çıxış edən braziliyalılar qədər önəmli fiqura çevriləcək".

Veteran oyunçu Endrikin Braziliya millisində də daha çox şans qazanmalı olduğunu diqqətə çatdırıb.

"Hazırlıq oyunlarından bəri meydana çıxanda öz sözünü deyib və qollar vurub. Azarkeşlər onun start heyətində yer almasını istəyirlər. Məncə, qarşıdakı matçlarda millinin əsas oyunçularından birinə çevriləcək. Onun potensialına və gələcəyinə çox inanıram".