"Mən həmişə demişəm ki, hansısa komanda avrokuboklarda uğurlu çıxış etmək, yaxşı oyun sərgiləmək və ciddi nəticələr qazanmaq istəyirsə, transfer siyasətini yayda deyil, qış fasiləsində qurmalıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.

Keçmiş funksioner "Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə oyununu (2:0) şərh edib:

"Yayda heyətə qoşulan futbolçuların komandaya uyğunlaşması, baş məşqçinin fəlsəfəsini mənimsəməsi və meydanda komanda yoldaşlarını daha yaxşı başa düşməsi üçün müəyyən zaman tələb olunur. Bu baxımdan, "Sabah"ı da səfərdə TNS-ə qarşı çətin qarşılaşma gözləyir. Avrokuboklarda ilk oyunlar həmişə gərgin keçir və rəqiblər adətən öz meydanlarında daha aqressiv çıxış edirlər. Buna baxmayaraq, hesab edirəm ki, Masazır təmsilçisinin bu çətinliyin öhdəsindən gəlmək üçün potensialı var. Ümumilikdə, "Sabah"dan ən azı UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlməsini gözləmək olar. Düşünürəm ki, komanda hazırda etibarlı əllərdədir və uğurlu avrokubok kampaniyası keçirmək üçün kifayət qədər imkanlara malikdir".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 14-də keçiriləcək.