"Rəqib yalnız müdafiə olunmağı düşünürdü". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS üzərində 2:0 hesablı qələbədən sonra deyib.
Hücumçu komandasının Çempionlar Liqasındakı ilk oyununu dəyərləndirib:
"Çox yaxşı oyun alındı. Bu, bizim Çempionlar Liqasında ilk təcrübəmiz idi. Buna görə də matç müəyyən mənada çətin keçdi. Rəqib əsasən müdafiə olunmağa çalışırdı və hücum haqqında demək olar ki, düşünmürdü. Növbəti həftə cavab görüşümüz olacaq. Hesab edirəm ki, həmin oyunda daha çox qol vura bilərik. Çünki onlar artıq hücum futbolu oynamağa məcbur olacaqlar".
Mikels səfər görüşündə də fərqlənmək istədiyini gizlətməyib:
"İnanıram ki, növbəti qarşılaşmada daha çox qol imkanı yaradacağıq. Mən də komandama qol və ya məhsuldar ötürmə ilə kömək etməyə çalışacağam".
Qeyd edək ki, TNS – "Sabah" cavab qarşılaşması iyulun 14-də Uelsdə keçiriləcək.