"Sabah"ın futbolçusu Eyden Makkarti "Vikinq"lə oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, müdafiəçi rəqibin əks-hücumlarına qarşı diqqətli olmağın vacibliyini bildirib:
"Təkcə müdafiə xətti yox, bütün komanda birlikdə, vahid kollektiv kimi oynamalıdır. Hər vəziyyət fərqli həll tələb edir. Komanda yoldaşlarıma və özümə güvənirəm. Düşünürəm ki, hər vəziyyətin öhdəsindən bacardığımız qədər yaxşı gələcəyik. "Vikinq" də bizi nəzərə almalıdır".
Çempionlar Liqasında vurduğu ilk qolun ona necə təsir etməsi ilə bağlı suala isə Makkarti belə cavab verib:
"Bu, özünəinamı artırır. Belə fürsət hər kəsə tez-tez nəsib olmur. Mənim üçün əsas odur ki, bunu növbəti oyuna daşıyım və yenidən fürsət düşsə, topu qapıya göndərim. Həmçinin müdafiədə etibarlı oynamalıyıq". (Sportliqa)