Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Sport24.az-a müsahibə verib.
- Yəqin ki, Millətlər Liqasındakı ilk 3 oyuna ən azı ürəyinizdə bir hədəf var idi. Neçə xalı düşünürdünüz? Nə alındı, nədən razı qaldınız, nələri qeyri-məqbul hesab edirsiniz?
Biri yoldaşlıq görüşü olmaqla 4 oyun keçirdik. Heyət də geniş çağırılmışdı. Fikirləşirdik ki, futbolçuları qoruyaq və seçim imkanlarımız çox olsun. İlk məqsədimiz bu 4 görüşdə məğlub olmamaq, daha sonra isə qalib gəlmək idi. Bilirdik ki, Litva səfəri ağır keçəcək. Amma orada məğlub olmamalı idik ki, sona qədər şansımız qalsın. Məncə, bunun öhdəsindən gəldik. Evdə isə hər iki qarşılaşmada qalib gəlsəydik, qrupda son oyunun nəticəsindən asılı olmayaraq, istədiyimiz nəticəni əldə edəcəkdik. Lixtenşteynlə heç-heçə etməyimiz bizə psixoloji cəhətdən çox pis təsir etdi. Futbolçularda müəyyən inamsızlıq yaranmışdı. Amma ondan sonrakı üç gündə futbolçuların qələbəyə köklənməsi, milli forma üçün mübarizə aparması məni çox sevindirdi. Ümumilikdə, milli komandada həmişə atmosfer çətin olub. Lixtenşteynlə heç-heçə etməyimizə üzülürük. Amma bəlkə də onlara qalib gəlib, Litvaya uduzsaydıq, həmin qələbənin də elə bir əhəmiyyəti olmayacaqdı. Bu 15 günlük müddətdə futbolçuların işə yanaşması, qələbə üçün canlarından keçməsi məni çox sevindirdi.
- Lixtenşteynlə ev oyunu millimizin "1-ci nömrə"ylə oynamaq sarıdan ciddi əziyyət çəkdiyini qabarıq şəkildə göstərdi. İstəyirsən 20 epizod yarat, qol vurulmadısa, deməli, təzyiq göstərmək və bunu tabloya daşımaq istedadın yoxdu. Bunu hər bir peşəkar bilir ki, futbolçularımızın potensialı ortabab səviyyədən də xeyli aşağıdı. Hər halda 200-dən artıq ölkəyə reytinq cədvəlində aşağıdan yuxarı baxan ölkənin yığmasının qapısına yol tapa bilməyən millimizin potensialı güzgü kimi əks olundu. Ancaq maraqlıdı, Lixtenşteynlə yenidən "Tofiq Bahramov"da oynamaq imkanı yaradılsaydı, nəyi dəyişərdiniz?
- Biz neçə oyundur ki, "1-ci nömrə" ilə oynamaq istəyirik. Düzünü deyək, Azərbaycan millisi nə vaxt "1-ci nömrə" ilə oynayıb? Çox nadir hallarda püşkatmada zəif komandalarla qarşılaşmışıq. Bu da öyrənmək üçün kifayət etmir. Həmişə rəqiblərimiz bizdən üstün yığmalar olub. San Marino və Malta ilə matçlarda da bunun acısını yaşayırdıq. Qol epizodlarından istifadə edə bilmirdik və bu, məni narahat edirdi. Hücumçularımız formada olsa, problem də aradan qalxar. Təəssüf ki, yalnız Mahir Emreli klubunda stabil çıxış etdi, qollar vurdu. Bu oyunlarda da ən aktiv futbolçunun Mahir olduğunu gördük. Digər futbolçular klublarında az oynayırdılar, qol vurmurdular və özlərinə inamları yox idi. Tarixdə nəticə qalır. Bir neçə ildən sonra heç kimə deyə bilməyəcəyik ki, 200 dəfə hücum etmişik. Qəbul edirəm ki, Lixtenşteynə qalib gəlməliydik. Amma futbolda belə nəticələr də olur. Biz hər oyundan dərs çıxarırıq. Hər oyundan sonra suallar yaranır. Bəzi futbolçular həmin yükü götürə bilmədi, bəzilərinə güvəndik, amma gözləntilərimizi doğrultmadılar. Oyundan sonra danışmaq rahatdır. Oyundan əvvəl isə atmosfer tamam başqa cür olur. Bu da özü bir təcrübədir. Bəlkə də daha möhkəm olmalıydıq. Komanda olaraq böyüyürük. Heç kim deyə bilməz ki, mən üç matçdan sonra komanda quracağam. Artıq "qarşılaşma bir də təkrarlansaydı, bunu edərdik" yanaşmasına getmirik. Lixtenşteynlə oyundan sonra dərhal Litva ilə görüşə hazırlaşdıq ki, futbolçularda inam azalmasın. Rəqib çətin olsa da, qələbə qazana biləcəyimizə inanırdıq. Məncə, futbolçular bunu bacardılar.
- Yəqin ki, Amerika kəşf etməyəcəyəm, amma deyəcəyəm ki, yerli futbolçu qıtlığımızın bünövrəsində uşaq futbolundakı problemlər dayanır. Bunu jurnalistikada 26 ildir deyirəm. Klublara dövlət tərəfindən vəsait ayrılır və klublar həmin vəsaitdən müəyyən istiqamətlərdə istifadə edirlər. Ancaq ortada məhsul yoxdur. Dolayısı ilə bu o deməkdir ki, uşaq futbolunda çalışan məşqçilər öz işlərinin öhdəsindən lazımınca gəlmirlər. Onların müdafiəsinə qalxaraq deyim ki, burada obyektiv səbəblər də var. Məsələn, 13-14 yaşlı uşaq istedadlıdır, perspektiv vəd edir. Amma valideyn deyir ki, sənin futbolçu olub-olmayacağın təsadüfdən asılı ola bilər. Ona görə də səni təhsilə yönəldim. Sizə elə gəlmir ki, dövlət dotasiyası ayrılan klublardan tələb olunmalıdır ki, bu vəsaitin müəyyən hissəsini uşaqların xaricdə hazırlığına yönəltsinlər? Məsələn, uşaqları ölkə xaricinə göndərsinlər və ora gedən futbolçuları əcnəbi mütəxəssislər seçsin. Hər klub hər yaş qrupu üzrə cəmi iki futbolçunu belə xaricə göndərsə, büdcənin müəyyən hissəsi futbolçuların yetişdirilməsinə sərf olunmuş olar...
- Burda çox variantlar ola bilər. 10 nəfər futbol adamı yığışsa, hərəmiz müxtəlif variant deyə bilər. Biz bilirik ki, yerli futbolçuların çox olması üçün akademiyalar lazımdır. Həmin akademiyalar Avropada ulduz futbolçular yetişdirənlər kimi olmalıdır. Rusiyada "Krasnodar" akademiyası var idi ki, hamı onlardan danışırdı. Akademiyanın içində çox iş var. Məşqçi var, idarəçi var, texniki, tibbi heyət var. Əlbəttə, məşqçi də yetişdirmək lazımdır. Fiziologiyanı bilən məşqçi olmalıdır ki, hansı yaşda necə bədən quruluşunun olmasına qədər bilsin. Burda çox iş var. Bəzi qaydalar çıxıb, klubların beynəlxalq turnirlərə qatılması tələbi. Bu işlərə artıq başlanılıb. Mən burda tək məşqçiləri günahlandırmazdım. Sistemdə problem var. Məşqçinin əlində meydança yoxdusa, baza yoxdusa, futbolçuları Avropa səviyyəsində yetişdirməsi üçün qidalanması yoxdusa, məşqçi nə edə bilər ki? Aşağı yaşda çox istedadlı məşqçilərimiz var. Ümumi sistemi düzəltməliyik. Futbolçu gəldi məşq elədi, böyüdü dövrü sona çatıb. O, əvvəllər idi ki, hərə öz bacarığına görə futbolçu olurdu. Bu gün bizdə də sistem düz olanda avtomatik məşqçi də yetişəcək. Lazım olanda kənardan da gətirilib, öyrənilməlidi. Məşqçi bacardığını verir.
- Qayıdaq milliyə. Bütün müsahibələrinizdə qeyd etmisiniz ki, hədəf birinci yerdir. Elə bir situasiya yaranıb ki, millimiz artıq bu hədəfə çox yaxındır. Tək narahatlıq doğuran məqam evdə Lixtenşteynin qapısına yol tapa bilməməyimizdir. Milli komandanın ikinci dəfə eyni "qəzaya" uğramaması üçün hansı tədbirlər görüləcək?
- Bu oyunlarda futbolçular kifayət qədər təcrübə qazandılar. Başa düşdülər ki, bundan sonra daha ciddi olmalıyıq. Litva ilə görüşə yanaşdığımızdan daha ciddi yanaşmalıyıq Lixtenşteynlə oyuna. Göründü ki, boşluqlara yol verəndə bunun acısını yaşayırsan. Ümid edirik ki, futbolçular klublarında yaxşı çıxış edəcəklər. Biz məşqçilər də düşünəcəyik ki, növbəti oyunlarda kimi heyətə cəlb edək. Son oyunlarını yaxşı keçirən futbolçular çox olub.
- Sonuncu sualımız bir qədər nostalji və fantaziya xarakterli olacaq. Təsəvvür edin ki, bugünkü milli komandada sizin futbol oynadığınız dövrdən yalnız bir futbolçunu seçmək imkanınız var. Həmin futbolçunu indiki millidə görmək istəsəydiniz, kimi seçərdiniz?
- "Qızıl oğlan" - Zaur Tağızadə!