"Həmişə olduğu kimi "Şimal" ilə oyunda da komandama güvənirəm. İnanıram ki, mövsümün həlledici oyunundan qələbə ilə ayrılacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında Qəzənfər Abbasov deyib.
Təcrübəli mütəxəssis komandasının Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununda qarşılaşacağı "Şimal" ilə matçdan gözləntilərini bölüşüb:
"Bu yola çıxanda əsas məqsədimiz "Qaradağ Lökbatan"ı yenidən I Liqaya qaytarmaq idi. Lökbatan uzun illər I Liqada çıxış edib, bir neçə dəfə çempionluq da yaşayıb. Fikrimcə, komanda hazırda da I Liqaya layiqdir. Qarşıdakı oyun hər iki komanda üçün həlledici olacaq. Biz də bütün heyətlə matça ciddi şəkildə hazırlaşırıq. Qələbəyə mükafat da nəzərdə tutulub. Rəhbərlik bu oyuna xüsusi diqqət ayırıb və qələbə qazanmağımız üçün hər cür şərait yaradılıb. Fürsətdən istifadə edib onlara təşəkkürümü bildirirəm".
Qeyd edək ki, pley-off matçı mayın 27-də Şamaxıda keçiriləcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq və saat 16:00-da start götürəcək.