"Qarabağ"ın futbolçusu Kadi Borges Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri olub. Sport24.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi turnirdə 6-cı qolunu vurmaqla bu nəticəyə nail olub.

 

O, turnirin pley-off mərhələsinin "Tvente" ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib.

 

Bununla da Borges UEFA Konfrans Liqasında "Qarabağ"ın heyətində keçirdiyi 17 matçda 6-cı qolunu vurub. Onun əvvəlki 5 qolu 2021/2022 mövsümünə təsadüf edib. Yarımmüdafiəçi həmin vaxt III təsnifat mərhələsində Kiprin AEL (1:0) və pley-offda Şotlandiyanın "Aberdin" (3:1) komandalarına 1, qrup mərhələsində Kipr "Omoniya"sına (4:1) 2, pley-offda isə Fransanın "Marsel" (1:3) klubuna 1 qol vurub.

 

Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına 3 şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy-Lens Mikels "Sabah"ın, Rafael Utziq isə "Qəbələ" və "Zirə"nin heyətində 5 qol vurublar.

 

Qeyd edək ki, Kadi Borges "Qarabağ"ın heyətində avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.