"Neftçi" rəhbərliyinin diqqət və qayğısından razıyıq, amma "Neftçi-2"də oğluma münasibətdən narazıyam. Bu sözləri "Neftçi"nin futbolçusu Qasımzadə Pünhanın atası Nizaməddin Qasımov deyib.
O, Sport24.az-a açıqlamasında oğlunun həm U-20, həm də futzal üzrə Azərbaycan millilərinə dəvət aldığını bildirib:
"Mən ehtiyatda olan hərbiçiyəm. Yunan-Roma güləşi ilə məşğul olmuşam, dəfələrlə Silahlı Qüvvələrin yarışlarında qalib gəlib, çempionluq sevinci yaşamışam. Yəni deməyim odu ki, idmanın içindən çıxmışam, peşəkarlığın nə olduğunu, idmançıların hansı əziyyət hesabına zirvələrə yüksəldiyini bilirəm. İstər idmanda, istərsə də hərbiçi kimi Dövlətimizin uğurları üçün çalışmışam. Bu gün də Azərbaycan üçün canımdan keçməyə hazıram. Oğlum U-20 millimizin üzvüdür, həmçinin futzal yığmasına da dəvət alıb. Müəyyən nəticələri var. "Neftçi" rəhbərliyinin diqqət və qayğısı bizi qane edir. Pünhanın U-20 millisinə dəvət almasında klubun da böyük rolu var.
Amma "Neftçi-2"nin baş məşqçisi Rəşad Abdullayev yığma üzvünə lazımi şansı vermir. Onun Pünhana yanaşması bir valideyn kimi mənə təsir edir. Azərbaycan U-20 dünya çempionatına ev sahibliyi edəcək və oğlum həmin yığmanın üzvüdür. Buna baxmayaraq, komandasında az forma şansı qazanır. Cəmi 11-12 dəqiqə oynayır.
Baş məşqçi deyir ki, Pünhanın bir kilo artıq çəkisi var. Mən başa düşə bilmirəm, Rəşad Abdullayev Ruy Jorgedən daha yaxşı mütəxəssisdir? Portuqaliyalı çalışdırıcı oğlumu U-20 millisinə çağırıb. Deməli, onun potensialını və bacarığını görüb. Futzal millisində Yevgeni Kukseviç də Pünhanın istedadını görür. Amma Rəşad Abdullayev nədənsə ona qarşı prinsip aparır.
U-20 millimizin üzvünə qarşı belə münasibətin olmasını düzgün hesab etmirəm. Oğluma şans verilməsini istəyirəm. Əks halda bu məsələ ilə bağlı AFFA rəhbərliyinə, lazım gələrsə, ölkə rəhbərliyinə müraciət edəcəyəm".
