Azərbaycan klublarının UEFA reytinqində cari mövsüm təsnifat və pley-off mərhələləri üzrə topladığı əmsal 3,375-ə yüksəlib. Sport24.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Niderlandın "Tvente" komandasını 1:0 hesabı ilə məğlub etməsi ilə gerçəkləşib.

 

Bununla da ölkə təmsilçiləri əsas mərhələyə qədər olan dövr üçün 11 illik rekordu yeniləyiblər. Ağdamlılar artıq ölkə reytinqinə 1,250 əmsal töhfə verib və bu göstəricidə "Sabah"a çatıb. "Zirə" 0,625, "Neftçi" isə 0,250 əmsal əldə edib.

 

Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslarsız ən çox əmsal qazanan 2 ölkədən biridir. Eyni göstəriciyə malik Latviya ilə ümumi siyahıda 6-cı yeri bölüşdürən Azərbaycan yalnız bonuslar hesabına öndə olan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədən geri qalır.

 

Qeyd edək ki, təsnifat və pley-off mərhələləri üzrə əvvəlki rekord 3,125 əmsalla 2015/2016 mövsümündə qeydə alınmışdı.