Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Sport24.az-a müsahibə verib. Yığmanın baş məşqçisi klublarımızın avrokubok oyunları ilə bağlı fikirlərini bölüşməklə yanaşı, millinin futbolçuları barədə də fikirlərini bölüşüb.
- "Sabah"ın 1:2 hesablı məğlubiyyətdən sonra şanslarını necə qiymətləndirirsiniz?
- "Sabah"ın oyununu canlı izlədim. Ümumilikdə, "Sabah" tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edir və buna baxmayaraq, uğurlu təsir bağışlayır. Təbii ki, ÇL-də illərdir çıxış edən, böyük təcrübəyə malik komandalar var. təmsilçimiz matça yaxşı başladı. Rəqibin təzyiqi ilk dəqiqələrdən hiss olunurdu. Tez qol vursaq da, ikinci hissədə "Hapoel"in böyük təzyiqi ilə üzləşdik. Təəssüf ki, xırda səhvlər sonda məğlubiyyətə səbəb oldu. Doğma meydanda şansları 50/50 qiymətləndirirəm. Az da olsa, rəqibin üstünlüyü var. Amma "Sabah" Danimarkada "Orhus"a məğlub olsa da, cavab oyununda evdə inamlı qələbə qazandı. İnşallah, azarkeş dəstəyi ilə bu dəfə də qalib gələrlər.
- "Qarabağ" isə dünən gecə heyətdəki çox itkilərə rəğmən Niderlanddan qələbə ilə dönməyi bacardı. Ağdam təmsilçisinin "Tvente" ilə oyunu bu barədə də fikirləriniz bilmək istərdik...
- Heyətdə itkilər çoxdur. Buna baxmayaraq, onları əvəz edən futbolçular yaxşı çıxış etdilər. Konfrans Liqasında zəif rəqib yoxdur və hər bir oyun çətin keçir. Komandaya yeni qoşulan futbolçular üçün də bu matçlar adaptasiya baxımından yaxşı fürsət yaradır.
- Daha əvvəl "Tvente"yə qarşı siz də oynamısınız. "Qarabağ"ın pley-offda bu rəqiblə üz-üzə gələcəyi məlum olanda nələri xatırladız?
- Əlbəttə, həmin stadionda olmaq 14 il əvvəlki atmosferi yenidən xatırlatdı. Gözəl və nostalji hisslər yaşadıq. Azarkeşlərin də tribunaları doldurması çox xoş idi. Ən əsası isə "Qarabağ"ın qalib gəlməsi sevindirici oldu.
- Avrokubokların əsas mərhələsində iki klubla təmsil olunmağa yaxınıq. Sizcə, bu realdırmı?
- Bu, futbolumuza müsbət mənada təsir göstərəcək. Real danışsaq, bu gün iki komandamızın qrup mərhələsində çıxış etməsi çox yaxşı haldır. "Qarabağ" illərdir avrokuboklarda mübarizə aparır və böyük təcrübəyə malikdir. "Sabah"ın da bu səviyyəyə qoşulması olduqca vacibdir. Bəlkə də, gələcəkdə üçüncü komandamızın da avrokubokların qrup mərhələsində çıxış etdiyini görərik. Buna ümid edirik.
- Milli üzvlərinin hazırkı performansı sizi qane edir?
- Bizim məqsədimiz milli üzvlərini belə böyük oyunlarda canlı izləməkdir. "Sabah"da Rəhman Daşdəmirov və Aleksey İsayev əsas heyətdə meydana çıxdılar. "Qarabağ"da isə Musa Qurbanlı və Bədavi Hüseynov oynadılar. Bu gün də Toral Bayramovu canlı izləməyə çalışacağıq. Milli komandanın toplanışına hələ vaxt var. Ona qədər futbolçularımızı mümkün qədər canlı izləməyə çalışırıq. Çempionatın da bütün oyunlarını təqib edirik. Ümid edirəm ki, toplanışa qədər futbolçularımız ən yaxşı formalarını yığacaqlar.