"Qarabağ" daha bir aparıcı futbolçusunu itirmək təhlükəsi ilə üz-üzədir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Avropanın bir neçə klubu Pedro Bikalyo ilə yaxından maraqlanır.
Komandanın bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi braziliyalı yarımmüdafiəçinin gedişini asanlaşdıra bilər.
Redaksiyamıza daxil olan məlumata əsasən, hazırda Yunanıstan Super Liqasında lider olan AEK futbolçunu heyətinə qatmaq niyyətindədir və yayda rəsmi təklif göndərməyi planlaşdırır. Avrokuboklarda iddialı olmağı hədəfləyən klub Bikalyo transferini prioritetlərdən biri sayır.
Bundan başqa, yarımmüdafiəçi Portuqaliya və Türkiyə klublarının da diqqət mərkəzindədir. Onun bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışı həmin ölkə təmsilçilərinin marağına səbəb olub.
Buna baxmayaraq, "Qarabağ" növbəti mövsüm də Bikalyo ilə yola davam etmək niyyətindədir. Baş məşqçi Qurban Qurbanov futbolçunun satılmasının tərəfdarı deyil. Lakin oyunçunun karyerası ilə bağlı verəcəyi qərar və kluba daxil olacaq təklifin məbləği transferin reallaşmasına təsir göstərə bilər.
Qeyd edək ki, Pedro Bikalyo cari mövsüm Misli Premyer Liqasında 26, UEFA Çempionlar Liqasında 16, Azərbaycan Kubokunda isə 3 oyunda iştirak edib. Onun "Qarabağ"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.