"Sumqayıt-2" və "Qarabağ-2"nin futbolçuları 4 oyunluq diskvalifikasiya olunublar. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

Əvəzedicilər Liqasının XI turunda "Sabah-2" ilə görüşün 74-cü dəqiqəsində "Qarabağ-2"nin futbolçusu Şahismayıl Cəfərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 4 oyunluq diskvalifikasiya edilib. Onun klubu isə 1000 manat cərimələnib.

 

"Sumqayıt-2"nin futbolçusu Ruslan Əliyev isə "Neftçi-2" ilə matçın 49-cu dəqiqəsində hakimə təcavüzkar davranışa cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. O, bu səbəbdən qarşıdakı 4 turda meydana çıxa bilməyəcək. Onun hərəkətinə görə "Sumqayıt-2" 700 manat cərimələnib.